Zelenski-Zalujnı gərginliyinə səbəb Rusiya və Qərbdir? - ŞƏRH 

DÜNYA
11:47 / 20.12.2023
364

Ukrayna Prezidenti Volodomir Zelenski ilə Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasındakı gərginlik böyüyür. 

Belə ki, Zalujnının ofisində dinləmə cihazlarının tapılması gündəmi alt-üst edib. Bir çox ekspertlər bunun arxasında Ukrayna Prezidentinin olduğunu düşünürlər. Hətta Zalujnının da bu fikirdə olduğu önə sürülür. Üstəlik, son zamanlarda Zalujnı və Zelenski arasında ciddi gərginlik yaşandığına dair iddialar durmadan artır. 

Maraqlıdır, Zalujnının ofisini dinlətdirən Zelenskidir? Bu işin arxasında başqa qüvvələr ola bilər? 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a açıqlamasında bildirib ki, Zalujnının ofisi Rusiya və ya başqa bir dövlət tərəfindən dinlənilə bilər:

340249

"Amma onlar bunun üzə çıxmasından Ukraynanın Prezidenti ilə Silahlı Qüvvələrinin baş komandanı arasındakı münasibətlərin pozulması üçün istifadə etməyə çalışırlar. Təbii ki, bu da çox həssas bir məsələdir. Müharibə aparan bir dövlət rəhbərinin orduya rəhbərlik edən şəxslə münasibətlərinin pozulması proseslərin gedişatına ciddi təsir göstərəcək amildir. Həmçinin, Rusiyanın xüsusi xidmət orqanları da bu məlumatı yaya bilərlər. Hesab edirəm ki, bu vəziyyətin gərginləşməsi Ukraynada çox ciddi böhrana gətirib çıxara bilər". 

Bununla yanaşı ekspert qeyd edib ki, Zelenskinin Zalujnının ofisini dinləmə versiyası da real ola bilər:

"Çünki zaman-zaman Zalujnının hakimiyyətə gələ biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Belə fikirlərin səslənməsi isə hansısa qüvvələrin bu istiqamətdə addımlar atacağını göstərir. Əlbəttə ki, bu da Zelenski hakimiyyəti üçün təhlükə deməkdir. Yəni Zelenski administrasiyası bu məsələni dəqiqləşdirmək üçün Zalujnının ofisini dinləmiş ola bilər. 

Amma bu addımın atılması Ukrayna dövləti daxilində parçalanmağa səbəb gətirib çıxarır. Fikrimcə, bunu Rusiya-Ukrayna müharibəsinin gedişinə mütləq təsiri olacaq. Rusiyanın sözügedən məsələdə rolu yoxdursa belə, bundan sonra bu istiqamətdə addım atacağı istisna deyil". 

Həmsöhbətimiz hesab edir ki, Rusiya-Ukrayna müharibəsindən bezən bəzi Qərb dövlətləri də bu məsələni gündəmə gətirə bilərlər:

"Onlar, bəlkə də bu yolla Ukraynanın daxilində parçalanmanın baş verdiyini göstərməyə çalışırlar. Hətta bu addımla Ukraynanın məğlubiyyətinə don geyindirmək məqsədini də güdə bilərlər. Bu proseslər müharibədə Ukraynanın ziyanına olacaq. Çünki qarşı tərəf belə məqamlarda bağışlamır və öz maraqları istiqamətində istifadə edir. Təbii ki bu da yekunda özünün ərazi bütövlüyü uğrunda mübarizə aparan Ukraynanı çətin vəziyyət qarşısında qoya bilər". 

Pərviz

0