Bank kartları "Bakıkart"ı əvəz edəcək? - RƏY

İQTİSADİYYAT
16:48 / 20.12.2023
620

Yanvar ayından etibarən bəzi avtobuslarda gediş haqqını bank kartları ilə ödəmək mümkün olacaq. 

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, sınaqlardan sonra gələn ilin ilk rübünün sonunda yeni ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur. 

Qeyd edək ki, bu açıqlamanın ardından isə yaxın gələcəkdə "BakıKart"ın ləğv ediləcəyi ehtimalları səsləndirilməyə başlanılıb. Gələcək perspektivdə ictimai nəqliyyatda gediş haqqının "BakıKart"la deyil, bank kartları ilə ödəniləcəyi deyilir. 

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, "BakıKart"ın yerinə daha proqressiv üsullar tətbiq ediləcək:

340281

"Belə olacaqsa, "BakıKart" niyə də ləğv edilməsin? Yəni bank kartları ilə gediş haqqını ödəmək mümkün olsa, əlavə karta ehtiyac qalmaz. Üstəlik, "BakıKart"ın balansının artırılması ilə bağlı problemlər də var. Məncə, Azərbaycanda "BakıKart"ın olub-olmaması çox da fərq etməyəcək. 

Məsələn, Avropanın inkişaf etmiş şəhərlərində ictimai nəqliyyatda gediş haqqı ilə bağlı iki üsul var. Siz bank kartı ilə də ödəniş edə bilərsiniz, həftəlik, aylıq, illik kartlar da ala bilərsiniz".


Ekspertin fikrincə, ölkəmizdə ictimai nəqliyyatdakı qiymət siyasəti dəyişsə, kartlardan daha effektiv istifadə etmək olar:
"Məsələn, həftəlik, aylıq və ya illik kartları birdəfəlik ödəniş edib alanda daha əlverişli olmalıdır. Bu yolla nəqliyyat xərcini də aşağı salmaq mümkündür. Yalnız ictimai nəqliyyatdakı qiymət siyasəti dəyişsə, bizdə spesifik kartlar rol oynaya bilər. 

İndiki vəziyyətdə isə "BakıKart"ın heç bir üstünlüyü yoxdur. Prinsipcə, gediş haqqını bank kartları ilə də ödəmək olar. Hətta düşünürəm ki, bu daha yaxşı olacaq. Nəticə etibarilə, "BakıKart"ı ləğv edib, nağd ödəmə üsuluna qayıtmırıq. Əksinə, proses insanlar üçün daha asan olacaq". 

Pərviz

0