Saxta loqopedlərlə necə mübarizə aparılmalı ?

ÖLKƏ
22:16 / 20.12.2023
345

Uşaqların psixi və fiziki sağlamlığı hər zaman diqqət mərkəzində olmalıdr.

Bəzən görürsən ki, valideyn uşağı yedirib-geyindirməklə, bağçaya, məktəbə yola salmaqla öz vəzifəsini bitmiş hesab edir. 

Bəzi valideynlərə elə gəlir ki, uşaq sakit durursa, danışmırsa, ona çoxlu suallar vermirsə, bu normal haldır və onun övladı sakit təbiətlidir. Bəzən valideynlərin səhlənkarlığı üzündən uşaqlarda elə psixoloji-mənəvi qüsurlar yaranır ki, sonradan mütəxəssislər tərəfindən onun aradan qaldırılması böyük problemə çevrilir.

Bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada uşaqlar arasında geniş yayılan problemlərdən biri nitq geriliyidir. 

Yəni bu qəbildən olan uşaqların bir qismi danışmır, bir qismi danışarkən kəkələyir, bir qismi isə ümumiyyətlə nə eşidir, nə də danışa bilir. 

Bir qrup uşaqda müşahidə edilən nitq qüsuru onların sağlamlığına, psixoloji durumuna mənfi təsir edir. 

Ölkədə bu qədər loqoped, nitq inkişafı mərkəzlərinin fəaliyyət göstərməsinə baxmayaraq, bu problem həll edilmək əvəzinə, daha da artır.

Şəhərin harasına baxırsan, orada bir mərkəz görürsən. Bu da faktdır ki, övladlarında problem olan valideynlər bu mərkəzlərə davamlı olaraq , müraciət edirlər.

Lakin çox zaman uğurlu nəticəyə nail olmaq mümkün olmur.Qeyri-peşəkarlar tərəfindən yaradılan loqoped mərkəzləri müxtəlif reklam yolları ilə nitqində problemi olan, autizm, daun sindromlu  usaqları bura cəlb edirlər.

Nəticə də bu olur ki, o uşaqlarda heç bir inkişaf müşahidə edilmir. 

Nevropatoloq Aidə Əliyeva Hit.az-a şərhində bildirib ki, uşaq anadan olandan ətrafı hiss edir, səslərə reaksiya verir:

 “Autizm, daun sindromu olan uşaqlar, yaxud eşitməsi olmayan körpələr elə həmin dövrdən mütəxəssisin diqqətini çəkməlidir. Belə uşaqlar həkimlərin nəzarətində olmalıdırlar. Artıq bir yaşından sonra uşaq özünü yavaş-yavaş ifadə etməyə başlayır, 2 yaşlı uşaqlar qısa cümlələr qurmalıdırlar. Bəzən görürsən ki, uşaqda bu normal prosesin heç biri getmir, onda onu mütəxəssisə yönəldirsən. Valideynlər uşaqlarına diqqətli olmalıdırlar. Nitq qüsurlarının uşağın psixikasına birbaşa təsiri var. Uşaq danışa bilmirsə, unsiyyət qura bilmir, təsəvvürləri, hafizəsi, diqqəti , bir sözlə, psixi funksiyaları tam inkişaf edə bilmir. Uşaq əsəbiləşir, aqressivlik yaranır, özünə qapana bilir. Ətrafdakı uşaqlar da ona gülürlər, ələ salırlar. Bu da həmin nitq qüsurlu uşağa pis təsir edir, hətta əqli geriliyə gətirib çıxarır. Təəssüf ki, bizim cəmiyyətdə bu cür uşaqların sayı artır. Bu da ondan irəli gəlir ki, bu sahədə mütəxəssislərimiz azdır. Peşəkar loqopedlərin azlığı təsadüfi adamların, işbazların bu sahədə kök atmasına gətirib çıxarır. Elələri var ki, evdar qadındır, gedib üçaylıq kurs keçib, gəlib loqoped mərkəzi açıb uşaqların taleyi ilə oynayır. Buna çox pis baxıram. Hesab edirəm ki, bu sahə ilə məşğul olmaq üçün sertifikat bəs etmir, o adamların ali təhsili olmalıdır. Bilirsiniz ki, uşaqların nitq problemi ilə məşğul olanlar həkim olmalıdır, defektoloq, pedaqoq və psixoloq olmalıdırlar”.

Həkimin sözlərinə görə, loqopediya nitqi qüsurlu uşaqların təlim-tərbiyəsi, inkişafı və təhsili ilə məşğul olan elm sahəsidir. Loqopediya nitq fəaliyyətinin pozulmasının səbəbini, mexanizmini, simptomatikasını və quruluşunu öyrənir. Loqopediya yunan sözü olub düzgün nitq tərbiyəsi mənasını bildirir. Nitqi qüsurlu uşaqlar loqopadlar adlanır. Valideynləri uşaqlarını qondarma loqopedlərdən qorumasını tövsiyə edən mütəxəssis bildirib ki, Azərbaycanda ortaya çıxan qondarma loqopedlər uşaqların gələcəyinə böyük zərbə vururlar: “Bu işlə peşəkarlar məşğul olmalıdırlar. Bu sahənin mütəxəssisləri defektli uşaqla səbrlə, təmkinlə, qayğı ilə davranmalıdırlar. Məlumdur ki, bu gün loqoped ixtisasına bir çox təhsil ocaqlarında yiyələnmək mümkündür.  Bayaq dediyim kimi, bir neçə aylıq kurs keçməklə və sertifikat almaqla loqoped olmaq mümkün deyil. Belə loqopedlər validenləri də aldadır, onlara təminat da verirlər, guya uşağın nitq qüsurunu aradan qaldıracaqlar. Savadlı, təcrübəli loqoped özü belə təminatı verə bilməz. Çünki nitq qüsurlarının səbəbi aydınlaşmadan tələsmək olmaz. Valideynlər belə mərkəzlərə müraciət edəndə loqopedin diplomunun surətini tələb etsələr, yaxşı olar. İndi xüsusi uşaq bağçaları da var. Bunu xüsusi qeyd edirəm ki, uşağın nitqi daha çox bağçada, yaşıdları ilə ünsiyyət zamanı formalaşır”.

Sevinc

0