İstehlak kreditlərinə təlabat artır - Səbəb nədir?

İQTİSADİYYAT
14:59 / 21.12.2023
381

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin ikinci rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29 faiz artıb.  Həmçinin, avto kreditlərə olan tələb 4 faiz, kartlarla kreditə olan tələb 8 faiz, əməkhaqqı ilə kreditlərə tələb 8 faiz, məişət kreditlərinə tələb isə 10 faiz artıb. 

Mütəxəssilərin fikrincə, əsasən istehlak kreditlərinə tələbin artımı bir neçə səbəbdən qaynaqlanır. İstehlakçı əminliyinin artımı, rəqəmsallaşma fonunda kreditlərin daha əlçatan olması və faiz dərəcələrində dəyişikliklər istehlak kreditlərinə tələbin artmasına təsir edən əsas amillərdəndir.

İqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a şərhində bildirib ki, istehlak kreditləri günbəgün artır:

"Kreditlərin artması o deməkdir ki, bir müddətdən sonra problemli kreditlərin də həcmi arta bilər. Çünki faizləri yüksəkdir. Dolanışığı, gəlirləri aşağı insanlar kredit götürməklə  problemlərinin həllinə çalışırlar. Bu isə problemli kreditləri artıra bilər. Bank sistemində dayanıqlılığın azalmasına da bu səbəb ola bilər".

Onun sözlərinə görə, problemli kreditlərin artmasının bir neçə dəfə şahidi olmuşuq. Sonradan dövlət müəyyən addımlar atmaqla problemli kreditləri silməyə, yaxud güzəştə getməyə məcbur olub. Buna bənzər halların yaşanma ehtimalı indi də var. Ona görə də, çalışmaq lazımdır ki, istehlak kreditinin faizləri və həcmi ilə bağlı beynəlxalq aləmdə qəbul olunan normalar, proporsiyalar pozulmasın: 

"Biznes, kommersiya kreditlərinin artmasına çalışmaq lazımdır. Yəni iş yerlərinə, istehsal sahələrinə verilən kreditlər daha da artsın. Ancaq təəssüf ki, bizdə istehlak kreditləri kredit portfelinin bəzən yarıdan çoxunu təşkil edir".

Sevinc

0