Bakıda gəzinti qayığı batdı, sərnişinlər xilas edildi - YENİLƏNİB

HADİSƏ
12:41 / 22.12.2023
436

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

12.04

Bakıda dənizdə gəzinti qayığı batıb.

Bu barədə HİT.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, xilas olunanların sayı və hadisənin sahildən nə qədər kənarda olduğu müəyyən edilir.

Dalğıc-axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib.

0