Azərbaycan təhsilində ən böyük problemlərdən biri şagirdlərin və tələbələrin xarici dil biliyinin zəif olmasıdır. Hazırda orta ümumtəhsil məktəblərində birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris edilir. İkinci xarici dil olaraq fransız, alman dilləri tədris olunan məktəblərimizə də rast gəlinir.
İllər öncə orta məktəblərdə xarici dil kimi ingilis dilinin tədrisinə beşinci sinifdən başlanırdı. Bu gün məktəblərimizdə ingilis dili dərsləri birinci sinifdən başlayaraq tədris olunsa da, hansısa xüsusi keyfiyyət dəyişikliyi müşahidə etmək mümkün deyil.
"Education First" dünya ölkələrində ingilis dili biliyi ilə bağlı araşdırmanın nəticələrini dərc edib. Baş ofisi İsveçrədə yerləşən tanınmış beynəlxalq təhsil mərkəzi EF (Education First) dünya ölkələrində ingilis dili biliyi ilə bağlı araşdırmanın nəticələrini dərc edərək, 113 ölkə və regionda standartlaşdırılmış EF ingilis dili testlərindən keçən 2,2 milyon yetkin şəxsin nəticələri təhlil edilib. Azərbaycan dünyada 83-cü, Avropada isə sonuncu yerdədir.
Təhsil eksperti Kamran Əsədov Hit.az-a şərhində deyib ki, əsas xarici dil birinci sinifdən, ikinci xarici dil isə beşinci sinifdən tədris olunur:
"Tədris planına dair qeydlərdə də göstərildiyi kimi, istər əsas, istərsə də xarici dili seçim hüququ valideynlərə verilir. Onlar müəyyən olunmuş dillər - ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasında seçim etməkdə azaddırlar. Ölkəmizdə daha çox tədris olunan xarici dillərə gəlincə, xarici dillərin öyrənilməsi ilə bağlı ümumi bir tələbat var. Bu tələbat istəsək də, istəməsək də, cəmiyyətin özü tərəfindən formalaşır. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili ingilis dilidir. Bu baxımdan, ölkəmizdə xarici dillərin tədrisində əsas dil kimi ingilis dili çox böyük üstünlük təşkil edir. Bundan başqa, əsas xarici dil fransız, alman dili olan məktəblərimiz də var. Lakin bu məktəblərin sayı çox azdır”.
Ekspert hesab edir ki, ingilis dilinin ibtidai siniflərdən bütöv bölüm kimi tədris olunmasına ehtiyac var və bu, Azərbaycanın kadr potensialının inkişafında mühüm rol oynaya bilər. Təhsil müəssisələrində, hətta lazım olan başqa dillərdə də bölmələr açılmalıdır. Amma dünyanın universitetlərinin çoxunda müxtəlif dilləri, hətta ölü latın dilini öyrədirlər.
İtalyan, fransız, alman dillərini keçirlər. Müxtəlif dillərdə təlimin təşkili kütləvi olmur. Lakin burada məqsəd xarici dildə təlim alanların fəaliyyətinin gələcəkdə o dil istiqamətində təşkil edilməsidir:
“Amma bizdə hansı dildə təhsil almaqdan asılı olmayaraq sonda mütəxəssisin işsiz qalma və ya qeyri-sahədə işləmə ehtimalı böyükdür.İngilis dilinin tədrisində keyfiyyəti artırmaq lazımdır".
Sevinc