Bu gün uşaqların təxminən üçdə biri videooyunlara gündə bir və ya iki saat vaxt sərf edir.
6 faiz yeniyetmə istifadəçi isə bu fəaliyyətə o qədər çox vaxt ayırır ki, məktəbdə dərslərdən geri qalmaq problemi yaşayır.
Oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə edilir.
Virtual oyunlardan asılılıq yarananda insan onu digər maraqlardan və gündəlik fəaliyyətdən üstün tuturlar.
Oyun asılılığı simptomları uzun müddət ərzində həm fasiləsiz inkişaf edə, həm də mütəmadi yarana bilər.
Təhsil eksperti Nadir İsrafilov Hit.az-a şərhində deyib ki, uşaqların oynadığı videooyunlara valideynlər tərəfindən ciddi nəzarət olunmalıdır:
"Bu gün valideynlər də etiraf edir ki, uşaqları internetdən, smartfonlardan tam olaraq uzaq tutmaq mümkün deyil. Ona görə də, uşaqlara günün müxtəlif vatxlarında az müddətdə mobil telefonda oyun oynamağa icazə verilə bilər. Amma nəzərə almaq lazımdır ki, uşaq internetdən ona zərərli olan oyunlara daxil olub oynaya bilər. Bununla da zərərli informasiya ala bilər. Vitual məkan, həm də uşaqlar üçün bir təhlükə mənbəyidir. Ona görə də, valideyn özü evdə olduğu zaman, nəzarət altında uşağa internetdən istifadə etməyə imkan verməlidir. Həmçinin valideynlər uşaqlara internetdə onları gözləyən təhlükələr barədə danışmalı, onlara bu və ya digər hallarda necə davranmağı izah etməlidirlər. Bunun üçün valideynlərin və müəllimlərin sərəncamında müasir texnologiyalar var. İnformasiyanın "filtrləşdirilməsi", müəyyən kontentin qarşısını almaq və uşaqların internetdə olma vaxtını məhdudlaşdırmağa imkan verən xüsusi proqramlar mövcuddur".
Sevinc