Kriminal avtoritetləri azadlığa buraxdıracağını dedi, özü həbs edildi

HADİSƏ
22:17 / 27.12.2023
555

Azərbaycanda həbsdə olan şəxsləri məhkəmə yolu ilə azadlığa buraxdıracağını vəd edərək, 55 min manat alan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl Naxçıvan MR Cəhri kəndindən qeydiyyatda olan Cəlal Yusifov tanını müraciət edərək Şamaxıda güllələnmə hadisəsinə görə tutulmuş 2 nəfərin azadlığa buraxılmasına kömək etməsini xahiş edib. Özünü keçmiş polis və hazırda prokurorluq əməkdaşı kimi təqdim edən Cəlal xarici işlər nazirinin müavini X.X-in qohumu olmasını yalandan bildirərək həmin şəxslərə işi müsbət həll edəcəyini deyib. Bu adla Cəlal həmin şəxslərdən 55 min manat pul alıb. Lakin Sumqayıt Apelyasiya Məhkəməsi həbsdəki şəxsləri azadlığa buraxmayıb. Bunu görən zərərçəkmiş tərəf Cəlaldan pulu tələb edib və onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılan Cəlal Yusifov həbs edilib. Onun barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 25 dekabr tarixli hökmü ilə Cəlal Yusifov 10 min manat cərimə edilərək məhkəmə zalından azadlığa buraxılıb.

Onun məhkəmənin gedişində dəymiş ziyanı ödəməsi əsas götürülüb.

Qeyd edək ki, Cəlalın azadlığa buraxdıracağını vəd etdiyi şəxslər Nadir Surxayev və Samir Cəbrayılov Şamaxıda 2 qohumu güllələməkdə təqsirləndirilərək məhkum edilib. İstintaq araşdırmaları zamanı məlum olub ki, mübahisə kriminal avtoritetlər arasında düşüb. Belə ki, tərəflər arasında mübahisə uzun illərdir davam edir.

0