Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə atdığı addımlar Kremli qəzəbləndirməyə davam edir.
Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin həbsini tələb edən Roma Statutunu təsdiqləməsi iki ölkə arasındakı gərgin vəziyyəti daha da qızışdırdı. Ondan sonra rəsmi İrəvanın daha mülayim addımlar atması gözlənilsə də, əksi baş verdi. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) boykot etməyə davam etdi. Paşinyan administrasiyası KTMT-nin təlimlərinə də, iclaslarına da qatımaqdan imtina etdi. Xüsusilə Rusiyada keçirilən iclaslarda Ermənistanın təmsil olunmaması gərginliyi pik səviyyəyə çatdırdı.
Hətta Rusiya tərəfindən Paşinyana qarşı sui-qəsd olunma ehtimalının olduğu iddia olunur. Bəzi ekspertlər Paşinyanın sui-qəsdə qurban getmə ehtimalının mümkünlüyündən bəhs edirlər. Düzdür, ilk baxışda çox fantastik bir versiya kimi görünsə də, Rusiya tarixində bənzər hadisələrin olduğunu xatırlamaq yerinə düşər.
Amma onun Putindən bir həmlə gözlədiyi ehtimalları mövcuddur. Paşinyanın Ermənistanın daxilində sui-qəsdə məruz qalma ehtimalları da kifayət qədər yüksəkdir. Onun son aylarda xalq arasında olmamasına əsas səbəb də məhz bu olduğu önə sürülür. Üstəlik, Ermənistanın Baş nazirinin ötən aylarda mühafizəçilərini dəyişdirdiyi və onların sayını artırdığına dair də xəbərlər yayılmışdı. Onu da diqqətə çatdıraq ki, Qərb mediasında Nilol Paşinyanın amerikalı xüsusi təyinatlılar tərəfindən qorunduğu yazılır. Kremlin sui-qəsd ehtimalına görə belə ciddi addımların atıldığı önə sürülür.
Lakin hazırda bəhs edilənlərin hamısı iddia və fərziyyədən ibarətdir. Doğrudur, Paşinyanın addımlarının Putinin xoşuna gəlmədiyi aydındır. Buna baxmayaraq, Rusiyanın başqa bir ölkənin Baş nazirinə qarşı sui-qəsd etməyə cəhd göstərməsi versiyası bir qədər inandırıcı görünmür. Ancaq bu ehtimalın nəzərə alınaraq addımların atılması da son dərəcə təbiidir...
Pərviz