Ötən ilin dekabrında Canni De Byazi ilə vidalaşan AFFA rəhbərliyi tanınmış şəxsi milliyə gətirmək istəyib.
Bu barədə Sportinfo.az-a federasiya rəhbərliyinə yaxın şəxslər məlumat verib.
Onların redaksiyamıza bildirdiyinə görə, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov Andrey Şevçenkonu Azərbaycan yığmasında görmək niyyətinə düşüb.
Yeni baş məşqçinin müəyyənləşdirilməsi məqsədilə yaradılan İşçi Qrupunun sədri ukraynalı məşhurla əlaqə saxlanılmasını və şərtlərinin öyrənilməsini tapşırıb.
Şeva Bakıdan edilən zəngi müsbət cavablandırmayıb. Kiyev "Dinamo"su və "Milan"dakı çıxışıyla dünyaya səs salmış keçmiş hücumçu təklifi geri çevirib.
O, Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti olmağa hazırlaşdığını, bir daha məşqçi olaraq çalışmağı planlaşdırmadığını bildirib.
Bugünlərdə UFA-nın prezidenti vəzifəsinə namizədlərin qeydiyyatı ilə bağlı yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.