Son 10 ildə azərbaycanlı fotoqraflar 800-dən artıq beynəlxalq mükafat qazanıblar

ÖLKƏ
11:28 / 07.01.2024
718

Bu gün, azərbaycanlı fotoqraflar və yerli foto təşkilatlar tərəfindən ölkəmizin dünyada tanıdılması istiqamətində xeyli işlər görülür. Son 10 il ərzində isə bu sahədə aktiv iştirak nəzərə çarpır. Hər il fotoqraflarımız yüzdən artıq beynəlxalq fotomüsabiqələrə qatılaraq müxtəlif mükafatlar qazanırlar və Azərbaycanı uğurla təmsil edirlər. 

Ölkənin aparıcı foto təşkilatı Azərbaycan Fotoqrafiya Federasiyası tərəfindən yerli fotoqrafların xaricdə qazandığı mükafatların statistikası aparılıb. Belə ki, 2015-ci ildən başlayaraq bu günə kimi beynəlxalq müsabiqələrdə 830 mükafat əldə edilib. Sevindirici hal ondan ibarətdir ki, ildən ilə isə bu mükafatların sayı yüksələn tempdə davam edir. 2020-ci ildə qazanılan mükafatların sayı 96, 2021-ci ildə 82, 2022-ci ildə 139, 2023-cü ildə isə 268 olub. Onlardan 247-si medal, 370-i fəxri lent və 213-ü diplom və sertifikatlardır. Əldə olunan medalların isə 129-u qızıl, 61-i gümüş və 57-si isə bürüncdür.

Beynəlxalq fotomüsabiqələrdə ən çox mükafat qazanan “Əməkdar mədəniyət işçisi”, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri İlqar Cəfərovdur. Onun aktivində 254 mükafat var. Valeriy Xlızov (102), Nadejda Cavadova (95), Aleksandr Firstov (73), Kərim Abbasov (52), Əzim Mehdiyev (46), Rəşad Mehdiyev (43) isə ən çox beynəlxalq mükafat qazanan fotoqraflar sırasındadır. 

Fotoqrafiya peşakarları bu cür yarışlarda, sərgilərdə iştirak etməklə həm də ballar əldə edir. Bu ballar sayəsində onlar foto sahəsində beynəlxalq titullar almağa iddialı olur. Bütün qaydalara və şərtlərə cavab verən fotoqraflar isə ömürlük fəxri adlara layiq görülürlər. Hazırda ölkəmizdə 10-dan artıq beynəlxalq dərəcəli fotoqraf fəaliyyət göstərir. Bu statusun davamı olaraq həmin fotoqraflar xarici fotomüsabiqələrdə münsif kimi çıxış etmək imkanı da əldə edirlər. 

Bu gün, dünyanın aparıcı fotoqrafiya təşkilatları ilə, o cümlədən dünyada UNESCO tərəfindən tanınmış yeganə foto təşkilatı olan Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqrafiya Cəmiyyəti, Qlobal Fotoqrafiya Birliyi, Asiya Fotoqraflar Birliyi, müxtəlif ölkələrin foto klubları ilə əməkdaşlıq edilir, birgə layihələr keçirir, təcrübə mübadiləsi aparır.

Bu işdə ölkənin aparıcı foto təşkilatı olan «Gilavar Foto Klubu» ictimai birliyinin rolu danılmazdır. Klub altı ildən artıqdır ki, Azərbaycanda foto sənətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir, fotolayihələr həyata keçirir, fotoqrafların peşəkarlığının artırılması, beynəlxalq arenaya çıxması, ölkəmizin tarixinin, mədəniyyətinin, arxitekturasının, təbiətinin, idmanının tanıdılması, yerli və beynəlxalq səviyyəli fotomüsabiqələrin, fotosərgilərin həyata keçirilməsi işlərini görür.

Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və müxtəlif qurumlar tərəfindən Azərbaycanda foto sənətinin inkişafı, müxtəlif tədbirlərin və fotolayihələrin həyata keçirilməsi istiqamətində dəstək göstərilir. Azərbaycan Televiziyası, Mədəniyyət və CBC Azərbaycan telekanalları, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Xalq qəzeti, Azpress.Az foto informasiya agentliyi və digər müstəqil media orqanları tərəfindən hər zaman bu sahəyə informasiya dəstəyi verilir.

Qeyd edək ki, «Gilavar Foto Klubu» ictimai birliyi 1 dekabr 2017-ci ildə, «Azərbaycan Fotoqrafiya Federasiyası» ictimai birliyi isə 1 dekabr 2022-ci ildə təsis edilib. Hər iki foto təşkilatın təsisçiləri tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyevdir.

0