Almaniyanın Rusiya sərhədçilərinin Ermənistandan qısa zamanda çıxarılmasını istədiyinə dair xəbərlər yayılıb.
Bildirilir ki, bunun kimi anti-Rusiya addımlarının müqabilində rəsmi Berlin İrəvana maliyyə yardımı etməyi nəzərdən keçirir.
Bəs bunun yaxın perspektivdə reallaşma ehtimalı nə dərəcədə inandırıcıdır?
Politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında bildirib ki, Almaniya Avropanın güclü iqtisadiyyatına malik dövlətlərindən biridir:
"Bununla yanaşı, Almaniya Avropada Böyük Britaniya və Fransadan sonra aktiv siyasi xətt yürüdür. İstərdim öncə Almaniya və Ermənistan arasında olan siyasi-iqtisadi əlaqələrə nəzər salaq. Almaniya Ermənistanın Avropa İttifaqındakı əsas ticarət tərəfdaşıdır. Onun Ermənistana əsas ixracı avtomobillər, maşınlar, kimya və elektrotexnika məhsullarıdır. Almaniyanın Ermənistandan əsas idxalı isə dəmir, polad, mis, molibden və digər metallar, eləcə də toxuculuq məhsullarıdır. Yəni Almaniya bu ölkənin ən mühüm xarici investorlarından biridir".
Lakin ekspert diqqətə çatdırıb ki, Ermənistanın ən çox iqtisadi əlaqələri olan tərəfdaşı isə Rusiyadır:
"Üstəlik, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası yerləşir. Bundan başqa, Rusiya hərbçiləri Ermənistanın dövlət sərhədlərini qoruyur. Düzdür, Ermənistan höküməti son illərdə qərbyönümlü siyasət yürütməyə çalışır. Lakin Rusiya bu prosesdə öz maraqlarını təmin etmək istəyən bir dövlət kimi ortaya çıxır".
Politoloq vurğulayıb ki, Almaniyanın Cənubi Qafqazdan uzaq olması və Rusiyanın Ermənistanda hərbi bazasının olması Ermənistanın manevr imkanlarını zəiflədir:
"Düşünürəm ki, Almaniya Rusiyanın sərhədçilərini yaxın gələcəkdə Ermənistandan çıxarmaq gücündə deyil. Əslində ABŞ Almaniyadan daha çox bu proses uğrunda çalışır. Cənubi Qafqazın olduqca çətin və qarmaqarışıq geosiyası vəziyyəti bu regiona yeni siyasi aktorları gətirə bilər. Bu isə Rusiya-Ukrayna müharibəsinin gedişatından və nəticəsindən asılı olacaq. İndiki məqamda Rusiyanın Ermənistandakı siyasi və iqtisadi təsiri güclüdür".
Pərviz