Rusiya Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin Şərqşünaslıq fakültəsinin baş müəllimi Andrey Çupriqin əmindir ki, İran ABŞ və Böyük Britaniyanın Yəməndəki hərbi əməliyyatlarına müdaxilə etməyəcək və husilərin müdafiəsinə qalxmayacaq.
HİT.az xəbər verir ki, o, bu barədə NSN-ə müsahibəsində danışıb.
Ekspert bildirib ki, rəsmi olaraq İran hakimiyyəti əməliyyatı pisləyir, lakin bu, onların hərəkətlərinin sonu olacaq. O qeyd edib ki, İran artıq husilərə silah yardımı edib, lakin bunu reklam etməyib. Ekspert münaqişənin özünü mürəkkəb adlandırıb və izah edib ki, husilər hərbi texnikaya deyil, kommersiya gəmilərinə hücum etdiyinə görə, beynəlxalq gəmiçilikdən söhbət getdiyi üçün istənilən halda cavab veriləcək.
"İran nə edə bilər? ABŞ ilə müharibəyə gedəcəkmi? Bunun olacağına inanmıram. Bu, əslində çıxılmaz vəziyyətdir", deyə Çupriqin bildirib.
Onun fikrincə, münaqişənin kəskinləşməsi, uzun sürməyəcək və Yaxın Şərq üçün nəticələri olmayacaq. Bununla belə, husilər zərbələr endirməyə davam edərsə, eskalasiya davam edəcək.
"Hələ eskalasiyanın hansı səviyyəyə çata biləcəyini anlaya bilmirik. Eyni zamanda, husilər yenidən diqqəti cəlb etdi, çünki Qəzzadakı vəziyyət fonunda onlar artıq unudulmağa başlamışdılar. Amma bir daha özlərinə xatırlatdılar", deyə ekspert yekunlaşdırıb.
Xatırladaq ki, husilərin Qırmızı dənizdə gəmilərə hücumuna cavab olaraq ABŞ və Böyük Britaniya Yəməndəki Husi Ənsar Allah hərəkatının hədəflərinə hücum edib. Husilər zərbələrə cavab verəcəklərini vəd ediblər.
Samir