Bakıda avtobus sürücüsünü döyüb qaçan şəxs kimdir?

HADİSƏ
12:16 / 13.01.2024
506

Bakıda fəaliyyət göstərən 9 saylı marşrut xəttinin sürücüsü tanımadığı şəxs tərəfindən döyüldüyünü deyir.

“Qafqazinfo”ya müraciət edən sürücü Vüsal Bayramov hadisənin Yasamal rayonu ərazisində baş verdiyini bildirib.

Onun iddiasına əsasən, insident kiçik yol qəzasından sonra baş verib: “Yanvarın 10-da saat 20:22-də Tbilisi prospektindən 20 Yanvar dairəsinə doğru hərəkətdə olarkən supermarketlərdən birinin parkinqindən “Audi Q3” markalı, 99 SK 699 dövlət qeydiyyat nişanlı avtomobil əsas yola çıxdı. Mən avtobusu sola çəkərək hərəkətimə davam etdim, lakin həmin avtomobili idarə edən qadın sürücü yola çıxaraq məni sıxdı və qəfil önümə keçməyə çalışdı, bu zaman yüngül toqquşma oldu”.

Şikayətçi bildirib ki, hadisə yerinin yaxınlığında yol polisi olub: “Mən bacardığım qədər sola çəkilmişdim ki, qəza olmasın və o tərəfə yer yox idi. Həmin  avtomobil hərəkət etdiyim zolağa daxil olaraq sağ tərəfdən manevr edib qəzaya səbəb oldu. Yol polisi yaxınlıqda idi, sənədlərimizi aldı və Bakı Şəhər Yol Polisi İdarəsinə gəlməyimizi, eyni zamanda sığortanı gözləməyimizi bildirdi. Dayanıb sığortanı gözləyərkən 3 nəfər naməlum şəxs oraya yaxınlaşdı, “Audi”dəki xanımla danışaraq yüksək səslə məni təhqir etməyə başladılar, ünvanıma nalayiq sözlər işlətdilər və onlardan biri gözümə yumruqla zərbə vurdu. Nəticədə dişim sındı. Onlar isə “Toyota Land Cruiser” markalı avtomobilə minərək ərazidən uzaqlaşdılar”.

V.Bayramov əlavə edib ki, hadisə barədə “102” xidmətinə məlumat verib və Yasamal Rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi yazıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirdi ki, hadisə barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır: “Müvafiq ekspertizalar təyin edilib və ekspertiza rəyinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək”.

0