Uşaqlara cinsi tərbiyə verilməlidirmi?

ÖLKƏ
20:10 / 16.01.2024
302

Cinsəllik valideynlərin uşaqları ilə danışmaqda çətinlik çəkdikləri mövzulardan biridir.

Bəs, uşaqlar cinsi orqanları ilə bağlı hansı yaşda nə qədər məlumatlı olmalıdırlar? 

Necə doğulduqlarını soruşan uşaqlarımıza hansı cavabları verməliyik?

“Səni leyləklər gətirdi”, “bazardan almışıq” kimi hekayələrlə onları yola verməli, yoxsa həqiqətləri deməliyik?

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında qeyd edib ki, bəzi valideynlər uşaqlara cinsi orqanlar barədə məlumat verməyə çəkinir. Lakin bunun düzgün şəkildə izah edilməsi mütləqdir. Burada məsələni həddindən artıq qabartmaq və ya uşaqları hər hansı miflərlə qorxutmağa da ehtiyac yoxdur. Hər hansı mövzu gizli saxlanıldıqda uşaqlarda maraq oyadır, qabardıldıqda isə mənasını itirir:

“Uşaqlara qarşı seksual maarifləndirmə ailədən başlamalıdır. Bununla bağlı ilk olaraq, maarifləndirmə artırılmalıdır. Əsasən də evdə valideyn artıq uşağın anladığı yaşda ona cinsi tərbiyəni başa salmalıdır. 5-ci sinifdə oxuyan uşaq bilməlidir ki, tanımadığı bir kişi ilə harasa getmək olmaz, onunla söhbət etmək olmaz. Uşağa kiçik yaşlarından başlayaraq cinsiyyəti ilə bağlı müxtəlif situasiyalarda “ayıbdır” kimi ifadələrin işlədilməsi düzgün deyil. Ata tərəfindən oğlan, ana tərəfindən qız uşaqları cinsi tərbiyə ilə məşğul olmalıdır. Bəzən uşaqlar valideynləri ilə bu məsələ üzərindən ünsiyyət qura bilmədiyindən kənardan məsləhət alaraq cinsi tərbiyə alırlar. Bu isə müəyyən hallarda uşaqları yanlış yerlərə apara bilir. Çalışmalıyıq ki, uşaq cinsi tərbiyəni həm məktəb, həm də valideyndən ala bilsin”.

Sevinc

0