“Oğlumun toyunu da Füzulidə edəcəyəm” - FOTOLAR

SOSİAL
15:20 / 18.01.2024
747

Xəbər verdiyimiz kimi, işğaldan azad olunandan sonra Füzuli rayonunda ilk nişan mərasimi baş tutub.

HİT.az Azvision.az-a istinadən xəbər verir ki, xeyir iş Afiq İbişovun ailəsində olub.

Onun qızı Nargilə İbişova qohumu Sadiq Cəfərovla nişanlanıb. Bu haqda danışan ata bildirib ki, qızının Bakıda baş tutmalı olan nişanını şəxsi təşəbbüsləri ilə Füzulidə keçiriblər:

“Mənim bir qızım, bir oğlum var. Nargilə 20 yaşındadır, yenicə kolleci bitirib. Füzuli işğal olunanda övladlarımın heç biri doğulmamışdı. İndi onlar mənimlə birlikdə burada yaşayırlar. Əslində nişan Bakıda olmalı idi. Ancaq düşündük ki, evimizin ilk xeyir işi doğma yurdumuzda olsun. Bu, arzumuz idi.

Hazırda Füzulidə yeni tikilmiş binalardan birində yaşayırıq. Hələlik burada toy, nişan etmək üçün restoran yoxdur. Ona görə də qərara aldıq ki, xudmani şəkildə evdə məclis quraq. Bu, işğaldan azad olunan Füzulidə ilk nişan mərasimi idi. Təzə mənzilimizdə gözəl, çalğılı məclis oldu. Elə bil hamı sevincin, xoş günün acı idi, ruh yüksəkliyi yaratdı.

Sadiq bacanağımın nəvəsidir. Onun ailəsi Bakıda yaşayır, onlar hələ Füzuliyə köçməyiblər. Köçsələr, qızım toydan sonra da burada yaşayacaq”.

“Oğlumun toyunu da Füzulidə edəcəyəm. Bu torpaqlarda toy çalınması ən böyük arzumdur. İnşallah oğlumun toyuna qədər burada restoran da tikilər”, - sevincli ata əlavə edib.

0