Rus turistlərin Azərbaycana marağı artır - Səbəb nədir?

İQTİSADİYYAT
16:14 / 19.01.2024
437

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycan Respublikasına dünyanın 187 ölkəsindən 2085,8 min və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 30 faizi Rusiya Federasiyası, 18,1 faizi Türkiyə, 7,9 faizi İran, 5,6 faizi Hindistan, 5,0 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,6 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Özbəkistan, 1,5 faizi Ukrayna, hər birindən 1,4 faiz olmaqla Küveyt və İsrail, 1,3 faizi Belarus, 1,2 faizi Türkmənistan, 1,1 faizi Çin, 1,0 faizi Böyük Britaniya, 11,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,3 faizini kişilər, 29,7 faizini qadınlar təşkil edib.

Statistik rəqəmlərdən də bəlli olur ki, ölkəyə gələn xarici turistlər arasında ruslar üstünlük təşkil edir.

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm Hit.az-a şərhində bildirib ki, ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur: 

“Sərhədlərin bağlı qalması turizmə təsir göstərir. Çünki Azərbaycana gələn turistlərin təxminən 65 faizi qonşu ölkələrdən gələnlərdir. Şimal qonşumuzdan gələn turistləri cəlb edən əsas amillərdən biri də dağ turizmi, xüsusən xizək turizmidir. Azərbaycanda indiyədək qış turizim sahəsində məşhur olan turizm kompleksləri - Şahdağ və Tufandağ sayılır. Turistlər qış turizm məkanlarına daha çox maraq göstəririlər. Bu sırada da rus turistlər ilk pillədə yerləşirlər. Onu da deyim ki, turistlərin böyük əksəriyyəti əyləncə və müxtəlif idmanlar üçün gəlirlər”.

Sevinc

0