Tanınmış aktrisa "Komedixana"ya keçir? "Yenilik olar" - MÜSAHİBƏ

MAQAZİN
15:00 / 22.01.2024
5740

"Hal-hazırda "Komedixana" Azərbaycan teleməkanında ən baxımlı verilişlərdən biridir. Mənim üçün də bu formatda işləmək bir yenilik olar". 

Bu sözləri tanınmış aktrisa Günay Həsən Hit.az-a müsahibəsində deyib. 

Həmin müsahibəni təqdim edirik:

- Günay xanım, karyeranızda hansı yeniliklər var?  
- Mənim üçün karyera indi trend olan söz “gündəmdə olmaq” deyil. Tək çəkilmək, çəkliş meydançasında, filmdə və ya serialda olmaq deyil. Karyera həm də təlim-tədris prosesidir. Bunlar karyeranın baza hissəsidir və hər zaman olmalıdır. Aktyora formada qalmaq üçün təlim-tədris prosesi vacibdir. Yəni müəyyən proqramla mən də hazırda təlim-tədris prosesindəyəm. 

- Yəni hazırda nə ilə məşğulsunuz? 
- Hal-hazırda dil öyrənirəm, aktyorluq sənətinə aid müxtəlif təlimləri, məlumatları əldə edib mənimsəyirəm. İnternet dünyasıdır və özünə təlim kimi hər bir aktyor bundan istifadə edə bilər. Mən də bundan yararlanıram. Həmçinin, idmanla məşğul oluram. Yəni gələcək proyektlərə hazırlıq prosesindəyəm.

- Yeni serial və ya filmdə çəkiləcəksiniz?
- Təbii ki, əgər təkliflər olsa niyə də yox?! Bizim işimiz budur. İstər film, istər serial olsun. Əsas kamera önündə olmaqdır. Son filmim “Mən burdayam, İlahi” keçən il sentyabr ayında təqdimata çıxdı. Təəssüf ki, böyük tamaşaçı kütləsinə çatmadı. Çox qəribə bir dönəmdir. Mən və çəkliş komandasının üzvləri gözləyirdik ki, vətənpərvərlik hissləri, duğuları güclü olan xalqımız bu filmə axın edəcək. Amma təəssüf ki, daha çox komediya və xarici filmlərə baxış oldu. Hər halda indiki dönəmin göstəricisi budur. 

Mənim üçün isə müharibə qəhrəmanları xatirimdə hər zaman qəhrəman olaraq qalacaq. Düzdür, o filmdən sonra müəyyən təkiflər oldu. Yəni filmin premiyasının öncəsi də, sonrası da təkliflər aldım. Bunlar arasında qısa metrajlı film, serial və reklam çarxları var idi. 

- Bəs təklifləri nə üçün qəbul etmədiniz? 
- Açığı, təklifləri qəbul etməməyimin müəyyən səbəbləri vardı. Bunlar da ya ssenari, ya da maliyyə ilə bağlı idi. Ümid edirəm ki, bu yeni ildən daha adekvat və maraqlı təkliflər gələr. Buna görə də hal-hazırda bayaq dediyim kimi təlim-tədris prosesindəyəm.

- Maraqlıdır, sizin çox gündəmdə olmamağınıza səbəb nədir? 
- Mənim üçün gündəm iş, yaradıcılıq və çəkliş meydançasıdır. Yəni  başqaları üçün deyə bilmərəm, amma mənim üçün gündəm konkret olaraq bunlardır. Yəni təbii ki, iş olduqca, çəkliş və yaradıcılıq prosesi olduqca aktyorların hamısı kimi mən də özümü gündəmdə hiss edəcəm, gündəmi də özümdə hiss edəcəm. Buna görə gündəm deyilən anlayış məni o qədər də narahat etmir. Dediyim kimi gündəm mənim üçün işdən ibarətdir. 

- Siz həm də qalmaqallardan uzaqsınız... 
- Təbii ki, qalmaqalı sevmirəm. Hüzur xoşlayan adamam. Qalmaqalla gündəmdə olmağı da istəmərəm. Ümumiyyətlə, qalmaqalla gündəmdə olan adamları başa düşmürəm. Mənə görə yaradıcı bir adam ancaq işi, yaradıcılığı və gördüyü işin nəticəsi ilə gündəmdə olmalıdır. Başqa hər hansı bir formada yox.

- Hazırda "Komedixana" və "Astar şou" kimi layihələrin sevildiyini görürük. Bəs siz o formatdakı layihələrdə rol almaq istəyirsiniz? 
- Fikrimcə, aktyor müxtəlif ampulalı olmalıdır. Bu gün vacib deyil ki, həmişə aktyor bir ampulada, ancaq dram janırında oynasın və yaxud vətənpərvərlik mövzularında filmlərdə, seriallarda yer alsın. Təbii ki, komedia da ola bilər. Niyə də, yox?! Mən də izləyirəm. 

Hal-hazırda "Komedixana" Azərbaycan teleməkanında ən baxımlı verilişlərdən biridir. Mənim üçün də bu formatda işləmək bir yenilik olar. Nə qədər uğurlu alınacağını bilmirəm. Bunu ancaq tamaşaçılar qiymətləndirə bilər. Amma təbii ki, belə bir proyektdə yer alsam. 

Bildiyim odur ki, hər zaman öz işimə məsuliyyətlə, diqqətlə və prşəkarcasına yanaşdığım kimi bu formatda da işləyə bilərəm. Dediyim bu ciddiyyətlə və məsuliyyətlə öz vəzifəmi yerinə yetirərəm.

- Ümumiyyətlə, "Komedixana" və ya "Astar şou"dan təklif almısınız?
- Təbii ki, təklif olarsa düşünməyə də, çalışmağa da dəyər. Hər halda, lazım olduğu məqamda yəqin ki, müraciət olar. Yalnız o zaman bu haqda danışa bilərəm.

Pərviz Şimşək

0