Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, Avropa İttifaqı (Aİ) ölkələri ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün Qırmızı dənizdə husilərə qarşı mümkün qədər tez hərbi əməliyyat keçirməlidir.
HİT.az xəbər verir ki, bu barədə "Bild Telegram" kanalı məlumat yayıb.
"Demək olar ki, hər gün Yəməndən olan husilər təsadüfi olaraq münaqişə ilə heç bir əlaqəsi olmayan gəmilərə hücum edirlər. Bu, azad naviqasiyanın mərkəzi arteriyalarından birinə və buna görə də qlobal ticarətə zərər verir", deyə Berbok bildirib.
Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tajani Qırmızı dənizi qorumaq üçün Avropa İttifaqının (Aİ) missiyasının yaradılması ilə bağlı siyasi qərarın tezliklə veriləcəyinə ümid etdiyini bildirib.
"İdeya mümkün qədər tez işə başlaya biləcək bir Avropa missiyası yaratmaqdır...", deyə Tajani bildirib.
Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, o, assosiasiyaya üzv ölkələrə Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin edəcək missiya yaratmaq təklifi göndərib.
Samir