İranla Pakistan arasındakı gərginlik nə üçün erkən bitdi? - "2 məqsəd var..."

DÜNYA
16:55 / 23.01.2024
398

İranla Pakistan arasında yaşanan gərginlik səngidi. İki ölkənin bir-birinin ərazisinə raket zərbələri endirməsinin ardından diplomatik kriz meydana gəlmişdi. Lakin bu, uzunmüddətli gərginliyə çevrilmədi. Artıq tərəflər səfirlərini də geri göndərmək barədə qərar qəbul ediblər. Həmçinin, İranın xarici işlər nazirinin yanvarın 29-da Pakistana səfər edəcəyi açıqlanıb. 

Maraqlıdır, İranla Pakistan arasındakı gərginliyin qısa çəkməsinə səbəb nədir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, İranla Pakistan arasındakı münasibətlər zaman-zaman gərgin hal alır:

"Düşünürəm ki, nüvə dövləti olan Pakistanla nüvə dövləti olmaq iddiasında olan və o istiqamətdə addımlar atan İran arasında müharibə olma ehtimalı yoxdur. Çünki bu müharibənin başlaması bütün regionu fəlakətə sürükləyə bilər. Müəyyən diplomatlar arasında gərginlik olsa da, iki ölkə arasında hərbi toqquşma olmayacaq".

342319

Ekspert hesab edir ki, Pakistanın İrana cavabı müharibə mesajı deyildi:

"Burada 2 məqama diqqət çəkmək lazımdır. Birincisi, Pakistanda seçkilərin keçiriləcəyini nəzərə almaq lazımdır. Seçkilər ərəfəsində rəsmi İslamabadın bu cür etiraz bildirməsinə səbəb əhalinin indiki hökumətə yenidən etimad göstərməsi məqsədi daşıyırdı. Yəni buna görə də Pakistan mütləq şəkildə İrana sərt cavab verməli idi. 

Pakistanın sərt ritorikasının ikinci səbəbi isə İranın daha çox üzərinə gəlməsinin qarşısını almaq idi. Amma indiki vəziyyətdə tərəflərin heç biri müharibənin başlamasında maraqlı deyil. Təbii ki, bəzi böyük güclər bu dövlətləri müharibəyə sürükləməyə çalışırlar. Lakin hər iki dövlətin siyasətçilərinin yaranmış gərginliyin tez bir zamanda aradan qaldırmağa çalışacaqlarını düşünürəm". 

Pərviz

0