Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında Almaniya və Ukrayna arasında mümkün təhlükəsizlik tərəfdaşlığı sazişini müzakirə ediblər.
HİT.az DW-yə istinadən xəbər verir ki, Şolts bunu Berlində Slovakiyanın baş naziri Robert Fiko ilə birgə mətbuat konfransı zamanı deyib.
Almaniya kanslerinin sözlərinə görə, hazırda yaxın gələcəkdə baş verə biləcək belə bir sazişin bağlanması üçün “intensiv hazırlıqlar” gedir. Almaniya Nazirlər Kabinetinin rəhbəri konkret hansı tarix və ya müddətlərin müzakirə oluna biləcəyini açıqlamayıb. Lakin "danışıqların son mərhələyə yaxınlaşdığı hissi var" deyib.
Öz növbəsində Volodimir Zelenski X sosial şəbəkəsində Almaniya kansleri ilə telefon danışığında “Ukrayna və Almaniya arasında təhlükəsizlik zəmanətləri haqqında sazişin hazırlanması məsələlərini ayrıca müzakirə etdiklərini” bildirib. Ukrayna prezidenti həmçinin cari il üçün Ukraynaya müdafiə yardımını 8 milyard avroya çatdırdığına görə Olaf Şoltsa təşəkkür edib.
"Reuters" xəbər verir ki, sözügedən saziş Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynaya zəmanətləri əhatə edir. Agentliyin məlumatına görə, Berlinin hökumət dairələri Almaniya ilə Ukrayna arasında razılaşmanın fevralda yekunlaşacağını gözləyirlər.
Bundan əvvəl, yanvarın 12-də məlum olub ki, Kiyev və London təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar. Böyük Britaniya Ukrayna ilə yeni bir hücum halında sürətli və davamlı dəstəyi nəzərdə tutan müqavilə imzalayan ilk ölkə olub. Müqavilə Ukrayna NATO-ya üzv olana qədər qüvvədə qalacaq.
Samir