Hökümə Əliyeva tələbələrinin Cadenza orkestrinin müşayiətində konserti keçirildi - FOTO

MƏDƏNİYYƏT
15:45 / 25.01.2024
804

Beynəlxalq Muğam Mərkəzində əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın tələbələrinin Cadenza orkestrinin müşayiətində konserti keçirilib.

Hit.az xəbər verir ki, konsertdə Prezident təqaüdçüsü Zərrin Əliyeva, Heydər Əliyev adına təqaüdün mükafatçısı Kənan Məmmədzadə, beynəlxalq müsabiqələr laureatları Səbinə Həsənzadə, Ümid Mustafazadə, Mələk Mustafazadə, Samir Əsədov çıxış edib.

Konsertmeyster və dirijor Samir Əsədov, bədii rəhbər Türkər Qasımzadə, ikinci konsertmeyster MDB ölkələri arasında gənclərdən ibarət orkestrin konsertmeysteri Nadir Eyvazov olub.

Hökümə Əliyevanın tələbələrinin ifasında “Sonata 3” (Bəstəkar: Eugene Ysaye), “Scherzo” (Bəstəkar: Cövdət Hacıyev, işləmə: A.Əliyev), “Baal Shem” süitasından “Nigun” (Bəstəkar: Ernest Bloch), “Argot (I)” (Bəstəkar: Franco Donatoni), “İntroduction et Rondo capriccioso” (Bəstəkar: Camille Saint-Saens, işləmə: R.Abyazov), “Malaguena” (Bəstəkar: İsaac Albeniz, işləmə: A.Əliyev), “Variations on an Original Theme” (Bəstəkar: Henryk Wieniawski), “Tzigane” (Bəstəkar: Maurice Pavel, işləmə: R.Abyazov) əsərləri səsləndirilib.

Hökümə Əliyeva bildirib ki, konsertin keçirilməsində əsas məqsəd violin musiqi alətinin incilərini, ən zövqlü əsərləri səsləndirmək, yeni ifaçılığın inkişaf etdirilməsinə nail olmaq, uşaq və gənclərin bədii-estetik zövqlərinin formalaşmasına töhfə verək idi.

"Hər konsertimizdə yeni əsərlərə müraciət edirik. Elə əsərlər var ki, onların ifası çox çətindir və ölkəmizdə ilk dəfə idi ki, kamera orkestrinin müşayiətində ifa olunurdu. Konsertin sonunda görkəmli bəstəkarımız Tofiq Bakıxanovun mənə həsr etdiyi "İmprovizasiya" əsəri də tələbəm Zərrin Əliyevanın ifasında səsləndirildi. Bu, mənim yaradıcılığıma verilən ən böyük hədiyyədir. Buna görə, Tofiq müəllimə dərin təşəkkürlərimi bildirəm. Arzum budur ki, belə istedadlı uşaq və gənclərimizin kamera orkestrlərinin müşayiətində konsertləri bölgələrimizdə də keçirilsin və uşaqların estetik zövqü formalaşsın, klassik musiqiyə marağı daha da artsın" - deyə o qeyd edib. 

Qeyd edək ki, Hökümə Əliyeva 6 monoqrafiya, 4 metodik və dərs vəsaitinin, dərsliklərin, 50-dən çox məqalə (nəinki Respublikada, Türkiyədə və keçmiş MDB məkanında nəşr edilib) tezis və konfrans materialları, uşaq musiqi incəsənət məktəbləri üçün proqramların (7 illik və 11 illik təhsil üzrə), 11 illik uşaq musiqi məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuş simli alətlər ixtisası üzrə tərtib edilmiş testlərin müəllifidir. Onun “Not biblioqrafiya” adlı monoqrafiyası şəxsən Tofiq Bakıxanov tərəfindən ulu öndər Heydər Əliyevə təqdim olunub. Not biblioqrafik göstərici azərbaycan və rus dillərində verilib. Onun "Tofiq Bakıxanov: “Jivu muzikoy” adlı kitabı prezidentimiz İlham Əliyevə təqdim edilib.

Hökümə Əliyeva 2014-cü ildə yüksək səviyyədə şagird hazırlığına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “ilin skripka müəllimi” nominasiyasına layiq görülüb. Həmçinin bir çox Respublika və Beynəlxalq festival və musabiqələrində münsif heyətinə daxil olub. 

2015-2016-cı illərdə paytaxtda və bölgələrdə keçirilən ustad dərslərində fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla mükafatlandırılıb.

2016-cı prezident İlham Əliyevin sərəncamına əsasən əməkdar müəllim adına layiq görulüb.

2022-ci ildə BMA-nın 100 illik yubileyi münasibətilə musiqi təhsilinin inkişafında göstərilən xidmətlərə görə “Yubiley döş nişanı” və fəxri fərmanla mükafatlandırılıb.

Mütəmadi olaraq MİQ imtahanlarının komissiyasında iştirak  edən Hökümə Əliyeva 2023-cü ildə həmin komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. 

Hökümə Əliyeva son 5 il ərzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə məcburi köçkünlər üçün musiqi məktəblərində, Xaçmaz, Şəki RMİ-də, Zaqatala, İsmayıllı, Şamaxı, Sumqayıt şəhərlərində, 2020-2021-ci illərdə Naxçıvan Muxtar Respublikasında, 2021-ci ildə BMA-nın 100 illiyinə həsr olunmuş layihə çərçivəsində, 2022-ci ildə Gəncə və Bərdə RMİ-də ustad dərsləri deyib.

0