Kalorili yeməklərin səhhətə təsiri

ÖLKƏ
20:46 / 26.01.2024
371

Dəyişən ekoloji mühit, oturaq həyat tərzi, insan fəaliyyətinin bir çox sahələrində fiziki əməyin texnika ilə əvəz olunması, aktivliyin azalması, eləcə də bir çox ərzaq məhsullarının keyfiyyətinin sual altında olması milli mətbəximizin bəzəyi olan bir çox yeməkləri insan səhhəti üçün zərərli hala salıb.

Bəzən xəngəl, xaş, piti kimi ağır yağlı və xəmir xörəklərini yeyib, səhhəti ağırlaşanlar, dünyasını dəyişənlər də olur. 

Bəzi insanlar bu faktlardan çıxış edərək, milli yeməklərimizin insan orqanizmi üçün zərərli olduğunu desələr də, ekspertlər bunun əksini deyir. 

Tibb elmləri doktoru Adil Qeybulla Hit.az-a deyib ki, yeməyin hər hansı toksiki təsiri yoxdursa, o yemək zərərli ola bilməz:

 "Sadəcə olaraq, xolestrolu yüksək olan şəxslərdə, qan təzyiqi tez-tez dəyişən adamlarda, şəkərli
diabeti olan şəxslərdə həddindən artıq və yüksək xolestrollu qida qəbulu təzyiqi artıra bilər. Bu da beyinə qan sızmasına, insulta və sairin yaranmasına gətirib çıxara bilər. Əgər bəzi qidalardan insan səhhətinə zərər dəyirsə, bunun səbəbini orqanizmin özündə axtarmaq lazımdır. Ümumiyyətlə, insanlarda qidalanma mədəniyyəti olmalıdır. Qida az qəbul olunmalıdır, axşam saatlarında qida qəbulunu kəskin şəkildə azaltmaq lazımdır. Yağlı qidalardan imtina olunmalıdır, çox hərəkətli olmaq, bədənin aktivliyini qorumaq lazımdır. Bütün bunlar o səbəbdən yaranır ki, biz həddindən artıq kalorili qidalar qəbul edirik. Ancaq həmin kalorini sərf etmək üçün hərəkətlilik yetərincə olmur. Bu da həmin maddələrin orqanizmdə toplanmasına gətirib çıxarır. Oturaq iş rejimində çalışan, hərəkətsiz və çəkisi həddindən artıq olan insanlar üçün bəzi çox yağlı və kalorili milli yeməklərin qəbulu ziyanlıdır. Əgər insanlar gün ərzində oturaq vəziyyətdə olurlarsa, axşamlar gəzməyə çıxmalıdırlar. Hipodinamiya bütün xəstəliklərin əsasında dayanır. Yəni, bu orqanizmdə bir durğunluq yaradır və qarın, bağırsaqlar, həzm sistemi normal işləmir, qan dövranı normal tənzimlənmir, venoz qan dövranı sistemi normal işləmir. Bu səbəbdən də bədənə daxil olan kalori sərf olunmur. Bu da çəki artımına gətirib çıxarır və bütün xəstəliklərin əsasında dayanır".

Sevinc

0