Hamiləliyi sonlandıran dərmanların fəsadı

ÖLKƏ
21:38 / 30.01.2024
964

Artıq bir neçə ildir ki, qadınlar arasında hamiləliyi dərmanla sonlandırmaq demək olar ki, "dəbə" düşüb. Arzuolunmaz hamiləlik yaşayan, aborta artıq xərc kimi baxan qadınların əksəriyyəti müxtəlif dərmanlardan istifadə edərək, hamiləliklərini sünu şəkildə sonlandırmağa çalışırlar.

Bu cür sonlandırmalar bəzi qadınlarda uğurla nəticələnsə də, bəzi qadınlarda ölümə də səbəb ola bilir. Çünki insan orqanizmi fərqlidir və onun müxtəlif dərman preparatlarına qarşı reaksiyası da müxtəlifdir.

Ginekoloq Aytəkin Hüseynova Hit.az-a şərhində bildirib  ki, Azərbaycanda arzuolunmaz hamiləliyin sonlandırılmasına 12-ci həftəyə qədər qanunla icazə verilir:

 “Hamiləliyi sonlandırmaq etik baxımdan yaxşı bir şey deyil. Bəzi şəxslər qanun icazə verdiyi halda, bu xidmət əlçatan olduğu halda və tibb müəssisələrində qiymətlər münasib olsa da, sanki tənbəllik edirlər, abortu evdə etməyə cəhd edirlər”. 
Ginekoloq qeyd edib ki, hamiləlikdən qurtulmağın ən təhlükəsiz yolu həkim müdaxiləsi ilə gigienik şəraitdə abort edilməkdir. Ancaq bəzən qadınlar abortdan qorxduqları üçün hamiləliklərini ev şəraitində müxtəlif dərmanlarla sonlandırmağa çalışırlar: 

"Çox zaman qadınlar abort etdirməmək, artıq xərcə düşməmək üçün belə dərmanlardan istifadə edirlər. Onlar belə hesab edir ki, bu dərmanların vasitəsi ilə də hamiləliyi sonlandırmaq mümkündür. Ancaq təəsüf olsun ki, çox zaman bu fəsadla nəticələnir.Təbii ki, mənə də belə dərmanlardan istifadə edib, fəsadları ilə qarşılaşan qadınlar müraciət edir. Hər bir qadın bilməlidir ki, dərmandan istifadə zamanı içəridə qalıq qala bilər. İçəridə qalığın qalması sepsis, uşaqlıq yolunun infeksiaysına səbəb ola bilər. Qadın belə dərmanların qəbulundan sonra yenidən hamilə qalma problemi yaşaya bilər. Ağır fəsadlar, septik vəziyyət yarana bilər. Belə dərmanların qəbul edilməsini məsləhət görmürəm".

Sevinc

0