Bakıda ən bahalı və ən ucuz mənzillərin yerləşdiyi ərazilər - SİYAHI

İQTİSADİYYAT
23:33 / 31.01.2024
379

Paytaxt Bakıda mərkəzə və dənizkənarı bulvara yaxın ərazilərdə yerləşən yeni tikili mənzillər olduqca bahalıdır. 

Qaynarinfo xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Rieltor Mülkədar Rüstəmov deyib.

Onun sözlərinə görə, mərkəzə yaxın ərazilərdə mənzillərin 1 kvadratmetrin qiyməti 4000-5000 manat civarında dəyişir. M.Rüstəmov deyir ki, "Port Baku" tərəfdə yerləşən premium binalarda isə mənzillərin 1 kvadratmetrin qiyməti 7000-8000 manat aralığındadır:

"Bu ərazidə mənzilin ən bahalı qiyməti təxminən 1-2 milyon manata yaxındır. İçərişəhər metrosunun yaxınlığında yerləşən tarixi arxitektura layihəli binalarda isə bir kvadratmetrin qiyməti 3500-5000 manat civarında dəyişir. Sovet dövründən qalan "Leninqrad", "Daşkənd", "Stalinka" layihəli binalara gəlincə, ən bahalı mənzillər Elmlər Akademiyası, 28 May, Gənclik və Nəriman Nərimanov metrostansiyaları yaxınlığında yerləşir. Xüsusilə də Nəriman Nərimanovda Heydər Əliyev prospekti istiqamətində premium binaların sayı çoxdur. Bu binalarda mənzilin bir kvadratmetri 2500-3000 manatdan başlayır".

Rieltor vurğulayıb ki, hazırda Həzi Aslanov və Qara Qarayev metrostansiyaları istiqamətində yerləşən evlərə tələbat artıb. Bu ərazilər üzrə qiymətlərdə 5000-10 000 min manat civarında artım müşahidə olunur: "Ən ucuz mənzillər isə Günəşli, Biləcəri, 7-ci mikrorayon, Binəqədi kəndi, Zabrat, Ramana və Rəsulzadə qəsəbəsində yerləşir. Bundan başqa, Masazırda və Xırdalanda münasib qiymətə ev tapmaq mümkündür". 

0