Macarıstanın baş naziri Viktor Orban 2023-cü ilin yazında parlamentin qapalı iclasında Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasının Avropadakı güc balansını pozacağını və ABŞ-ın qitədə təsirinin artmasına səbəb olacağını iddia edib.
HİT.az xəbər verir ki, bu barədə Macarıstanın "Telex" nəşri mənbələrə istinadən yazır.
Qəzetin yazdığına görə, Orban macar millət vəkilləri üçün geosiyasi risklərə işarə edib. Onun fikrincə, Kiyevin Aİ-yə qoşulması ABŞ-ın hərbi, siyasi və iqtisadi baxımdan dominantlıq edəcəyi yeni “güc mərkəzi”nin yaranmasına gətirib çıxaracaq.
Nəşrin mənbələri qeyd edir ki, söhbət Şimali və Mərkəzi Avropa ölkələrindən, o cümlədən Baltikyanı ölkələr, Polşa, Ukrayna və Rumıniyadan gedir.
Qəzetin həmsöhbətləri onu da qeyd ediblər ki, Orbanın fikrincə, yeni güc mərkəzi Amerikanın sərmayələri və Ukraynanın bərpası üçün resursları hesabına iqtisadi ağır çəkiyə çevriləcək. Macarıstanın baş naziri iddialara görə, bu inkişaf Almaniyadan daha güclü olacaq yeni iqtisadi gücün meydana çıxmasına gətirib çıxaracaq.
Samir