Bakıda tarixi binaya müdaxilə edilib? - YENİLƏNİB

ÖLKƏ
14:38 / 03.02.2024
493

Məsələ ilə əlaqədar bu gün səhər saatlarında podratçı şirkətin mütəxəssisləri və memar Elçin Əliyevin iştirakı ilə qeyd edilən ünvandakı binaya baxış keçirilib. 

HİT.az xəbər verir ki, baxış zamanı burada həyata keçirilən işlər qənaətbəxş sayılıb, cüzi nöqsanlar aşkar edilsə də binaya zərər vurulması xəbəri öz təsdiqini tapmayıb. 

Elmlər doktoru, professor, memar Elçin Əliyev tərəfindən təmir işlərini aparan şirkətin nümayəndələrinə müvafiq tövsiyələr verilib və aşkar edilən cüzi nöqsanların ən qısa vaxtda aradan qaldırılması tövsiyyə olunub.

02.02.2024 // 20.20

“Bakıda, Neftçilər prospekti, 65 ünvanındakı binanın fasadının ağardılması tarixi binaya müdaxilə etmək deməkdir”.  

Bunu Oxu.Az-a açıqlamasında memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib.

O qeyd edib ki, tarixi binanın fasadının laqunda vasitəsilə ağardılması yolverilməzdir:

“Təəssüf ki, heç bir aidiyyəti qurum məsələyə diqqət ayırmır. Bu sahədə kimsə işləməlidir axı. Cəmiyyətdə memarlıq abidələri haqqında danışılır, müzakirələr gedir, amma heç nə dəyişmir”.

Professor qeyd edib ki, son 3-4 ildə Bakıda fasadların bu cür ağardılmasına rast gəlinmirdi.

“Bu gün biz görürük ki, şəhərin mərkəzində köhnə laqundalarla fasadı əvvəllər necə təmizləyirdilərsə, o cür də davam edirlər. Əslində, son 3-4 ildə Bakıda belə etmirdilər. İndi yenə başlayıblar. Demək ki, yenə nəzarətsizlikdir”, - deyə memar bildirib. 

Qeyd edək ki, sözügedən bina 1906-1907-ci illərdə tikilmiş Əmiraslanovların evidir. Bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.

 

0