"İsraillə HƏMAS arasındakı müharibə HƏMAS Qəzzanı tərk edənə və ya həmin ərazidə tam məğlub olana qədər davam edəcək".
Bu sözləri politoloq politoloq Turan Rzayev İsrail-HƏMAS müharibəsi barədə Hit.az-a şərh verərkən deyib.
O bildirib ki, yaxın zamanda tərəflər arasında gərginliyin azalması proqnozlaşdırılmır:
"Hesab edirəm ki, İsraillə HƏMAS arasında hər hansı bir sülh müqaviləsi imzalansa belə bu, nisbi olacaq və yaxın zaman ərzində yenidən gərginlik artacaq. Nəzərə almaq lazımdır ki, İsrail hakimiyyəti HƏMAS-ın hücumunun ardınca olduqca ciddi və iddialı açıqlamalar verib. Konkret olaraq, söhbət HƏMAS məğlub olana qədər müharibənin davam etməsi bəyanatından gedir".
Ekspert hesab edir ki, HƏMAS məğlub olmadan müharibənin bitməsi İsrailin Baş naziri Benyamin Netanyahuya risk yaradacaq:
"Bu, onu və komandasının hakimiyyətini təhlükəyə atacaq. Ona görə də Netanyahunun geri dönüşü yoxdur".
Politoloq beynəlxalq koalisiya qüvvələrinin HƏMAS-a qarşı zərbə endirmə ehtimalına da toxunub:
"Hazırda HƏMAS-a qarşı beynəlxalq koalisiyanın zərbə endirməsi ehtimalı hələ ki, çox aşağıdır. Çünki indiki vəziyyətdə İsrailin özünə qarşı ciddi bir təzyiq var. Faktiki olaraq, İsraildən Fələstinin müstəqilliyinin tanınması tələb edilir. Bu reallıqlar fonunda isə Qərbin HƏMAS-a qarşı Qərb koalisiya yaradacağını zənn etmirəm".
Pərviz