Ailə zaman-zaman kiçik və ya böyük problemlərlə üzləşən bir kiçik dövlət hesab olunur. Həmin problemlər həllini tapmadıqda isə, təəssüf ki, boşanma ilə nəticələnir.
Araşdırmalar zamanı müəyyən edilib ki, Azərbaycanda boşanma səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur.
Nikahların dağılması ilə bağlı fikir bildirən psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, hazırkı şəraitdə boşanmaların sayının artması, əslində, ənənəvi ailə institutunun yaşadığı böhranın təzahürüdür:
"Bu həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Obyektiv amillər daha çox iqtisadi fəallığın artması, xüsusən qadınların əmək məşğulluğunun, iqtisadi təşəbbüskarlığının əhəmiyyətli dərəcədə yüksəlməsi ilə izah edilir. Subyektiv meyllər isə daha çox məlumatlılıq səviyyəsinin artması, informasiya əldə etmək imkanlarının genişlənməsi, 6insanların hüquqi-psixoloji biliklərinin dərinləşməsi, düşüncə tərzinin dəyişməsi, mövcud mənəvi-əxlaqi dəyərlərin nəzərəçarpacaq dərəcədə aşınması, deqradasiyaya uğraması ilə əlaqələndirilir. Boşanmaların əksəriyyəti iqtisadi səbəblərdən baş verir, yəni əmək məşğulluğu, ailəni dolandıra bilməməklə daha çox bağlıdır. Bununla yanaşı, psixoloji ziddiyyətlərin, psixo-fizioloji uyğunsuzluğun meydana çıxması, xəyanət, alkoqollu içkilərə, narkomaniyaya meyllilik, həyata münasibətin, düşüncə tərzinin çox fərqli olması, dözümsüzlük, sevginin, qarşılıqlı istəyin itməsi, valideynlərin müdaxiləsi, toplumun təsiri, tərəflərin arasında ciddi səviyyə fərqinin olması, müxtəlif sosial-psixoloji stereotiplərə qapılma və s. bu kimi amillər də mühüm səbəblər sırasındadır".
Psixoloqun sözlərinə görə, boşanan tərəflər çox vaxt xasiyyətlərinin uyğun gəlməməsini səbəb kimi göstərir:
"Ancaq ən çox rast gəlinən səbəblərdən biri ailədaxili zorakılığın artmasıdır. Bu zorakılığa kiçik narazılıqlar da yol aça bilir. İşsizlik də səbəb ola bilir. Boşanmaların arasında qohum evliliklər də çoxluq təşkil edir. Ailə dağılmasının artmasının bir səbəbi də boşanmanın şərtlərinin çox asan olmasıdır. Hər hansı cəza mexanizmi yoxdur. Buna görə də çox asan evlənir və boşanırlar. Çox vaxt bir-birini yaxından tanımadan belə ailə qururlar. Müşahidələr göstərir ki, daha çox təsadüfi evliliklər olur. Belə ailələr də heç bir təzminat olmamasından, uşaqların taleyini həll etmək üçün hüquqi mexanizmin çox aşağı səviyyədə olmasındandır ki, çox asan şəkildə ayrılır”.
Sevinc