Azərbaycanlı turistlər xoşagəlməz hallardan niyə sığortalana bilmir?

İQTİSADİYYAT
23:15 / 13.02.2024
412

Azərbaycan vətəndaşları xaricə səfər edəndə və yaxud ölkə daxilində səyahət edəndə xoşagəlməz hallardan sığortalana bilmirlər.

Söhbət Avropa İttifaqı ölkələrinin Bakıdakı səfirliklərinin tələb etdiyi, səyahət müddətində mümkün tibbi xərclərin ödənilməsi məqsədi daşıdığı və bir növ icbari olan səfər sığortasının əldə edilməsindən getmir.

Təcrübə göstərir ki, yola çıxanlar baqajın itməsi və yaxud deformasiyaya uğraması, aviareysin ləğv edilməsi və yaxud təxirə salınması, eləcə də otelin yerinin və şəraitinin əvvəlcədən vəd olunmuş parametlərə uyğun olmaması kimi hallarla da üzləşirlər. Amma Azərbaycanda bu kimi risklərdən sığortalanmaq mümkün deyil. Halbuki, qonşu Rusiyada artıq belə bir sığorta məhsulu bazara çıxarılıb. Turistlər onu əldə edərək ən azı otellə bağlı "sürprizlər"dən sığortalana bilərlər.

Bəs bu təcrübəni Azərbaycanda tətbiq etmək nə dərəcədə realdır? Ölkənin turizm bazarı xoşagəlməz hallardan sığortanı həzm edə bilərmi? "Report" mövzunu ekspertlərlə müzakirə edib.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi hesab edir ki, Rusiyada sığorta sektorunun turizm sektoru üçün təklif etdiyi məhsul kifayət qədər maraqlı ideyadır, amma onun Azərbaycanda tətbiqi qəliz məsələdir.

"Rusiyada turistlərə təklif olunan sığorta məhsulu onları hətta otel otağının pəncərəsindən açılan mənzərə ilə bağlı risklərdən qoruyur. Məsələn, turistə otağın pəncərəsindən gözəl mənzərə açılacağı deyilə bilər, amma yalnız otelin həyəti görünə bilər. Sığorta şirkəti məsləhət görür ki, belə hal baş verdikdə turist elə birinci gün bu barədə məlumat versin. Bu da sığorta hadisəsi sayılır və müştərilərə təxminən 90 ABŞ dolları birdəfəlik kompensasiya verilir", - deyə o qeyd edib.

"Azərbaycanda turistlərin dediyim risklərdən sığortalanması problemdir. Rəhbərlik etdiyim təşkilat 2018-ci ildə turistlər üçün səfər sığortasından fərqli, ayrıca sığorta məhsulunun hazırlanmasını bir neçə aparıcı sığorta şirkətlərinə təklif etsə də, onlar buna maraq göstərməyib. Ümumiyyətlə isə azərbaycanlı turistlər üçün sığorta ən axırıncı məsələdir. Vətəndaşlarımız səfər sığortasını da ona görə alırlar ki, bunu onlardan səfirliklər tələb edir. Bu tələb olmadan səfər sığortasını, yəni faktiki mövcud olan məhsulu belə alanlar azdır", - deyə S.Dübəndi əlavə edib.

Sığorta bazarı üzrə ekspert İlkin İbrahimov da yeni sığorta məhsulunun Azərbaycanda uğurla satılacağına inanmır: "Bizdə nəinki xaricə gedənlər, heç ölkə daxilində səyahət edənlər səfər sığortası alıb özlərini sağlamlıqla bağlı risklərdən sığortalamırlar. Vətəndaşların digər risklərdən özlərini sığortalayacağı da inandırıcı deyil. Bu məsələ də könüllü olduğu üçün heç kimi sığorta məhsulu almağa məcbur etmək olmaz və bunu sığorta şirkətləri də yaxşı bilirlər".

0