Rusiyanın 2023-cü ildəki ixracı 28,3 faiz azalıb, idxalı isə 11,7 faiz artıb.
Bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb. Başqa sözlə desək, ötən il Rusiyadan mal ixracı 28,3 faiz azalaraq 425,1 milyard dollar təşkil edib. Lakin idxal 11,7 faiz artaraq 285,1 milyard dollara çatıb.
Bu statistikanın meydana gəlməsinə səbəb nədir? Bəs gələcək perspektiv Rusiya iqtisadiyyatı üçün nələr vəd edir?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Rusiya ixracının 50 faizdən çoxu neft-qaz idi:
"Ötən il qaz qiymətləri normal səviyyələrə gəlib çatdı. Amma neft qiymətləri 2023-cü ildə gözləniləndən aşağı düşdü. Yəni neft qiymətləri 80 dolların ətrafında dövr etdi. Rusiyanın ixracı əvvəlki qaydada davam edir. Sadəcə olaraq dünya əmtəə qiymətləri aşağı düşüb. Ona görə də belə statistikalar qeydə alınıb".
Ekspert diqqətə çatdırıb ki, Rusiya iqtisadiyyatı keçən il 3,6 faiz böyüyüb:
"Dünyada isə iqtisadi artım sadəcə 3 faiz olub. Hətta bu rəqəm inkişaf etmiş ölkələrdə 1,5 faizdir. Üstəlik, Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü ildə də Rusiya iqtisadiyyatında 3 faizdən də çox böyümə gözləyir. Ona görə də deyərdim ki, Rusiya iqtisadiyyatı ona sanksiya tətbiq edən ölkələrdən daha yaxşı vəziyyətdədir.
Ümumiyyətlə, Rusiya iqtisadiyyatı Avropada birinci yerdədir. Bundan başqa, Rusiya iqtisadiyyatı ilə bağlı proqnozlar olduqca müsbətdir. Çünki 2024, 2025 və 2026-cı ildə sözügedən ölkənin iqtisadiyyatında artım gözlənilir".
Pərviz