ABŞ Rusiyanı Qazaxıstanla əvəzləmək istəyir? - ŞƏRH 

DÜNYA
11:27 / 15.02.2024
456

ABŞ mediasında süpriz iddialar yayılıb. 

Belə ki, rəsmi Vaşinqtonun Mərkəzi Asiya və Cənubi Qafqazda Rusiyanı Qazaxıstanla əvəz etmək istədiyi önə sürülüb. Ağ Evin Rusiyanın regiondakı gücünü zəiflətmək, habelə siyasi və iqtisadi baxımdan onun yerini alması üçün Qazaxıstana dəstək verəcəyinə dair məlumatlar yayılıb. İşin ən maraqlı tərəfi isə Qazaxıstanın Cənubi Qafqaz ölkəsi olmamasına rəğmən belə ehtimalın önə sürülməsidir. 

Bəs mövcud vəziyyətdə Qazaxıstanın Cənubi Qafqazda Rusiyanı əvəzləyə bilmə ehtimalı nə dərəcədə realdır? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rüstəm Tağızadə bildirib ki, Cənubi Qafqazda Rusiyanın Qazaxıstanla əvəz olunması inandırıcı görünmür:

343852

"Çünki Qazaxıstan Rusiya kimi böyük resurslara malik ölkə deyil. Bu resurslar enerji, hərbi və maliyyədir. Həm də Qazaxıstanın Cənubi Qafqazla quru sərhədi də mövcud deyil. ABŞ mediasında bu kimi xəbərlərin tirajlanması ondan xəbər verir ki, Qazaxıstan ABŞ üçün önəmli dövlətdir və Rusiyaya qarşı bu regiondan istifadə edə bilərlər. Ancaq Rusiya gərək elə səviyyədə zəifləsin ki, Qazaxıstan Rusiyanı üstələmiş mövqedə dayansın".

Ekspert qeyd edib ki, ABŞ mediasında Mərkəzi Asiyada da yeni bir gücün meydana gəldiyi vurğulanır:

"Əlbəttə ki, bu dövlət də Qazaxıstandır. Nəzərə almaq lazımdır ki, Qazaxıstan Mərkəzi Asiyanın iqtisadi cəhətdən ən güclü ölkəsidir. Bu dövlət zəngin uran yataqlarına malikdir. Ölkənin əsas gəlir mənbəyi neft və qaz məhsullarıdır. Qazaxıstanın etnik tərkibi də rəngarəngdir və əhalisinin 18 faizi ruslardan ibarətdir".

Politoloqun sözlərinə görə, ABŞ Çinin də regiondakı nüfuz dairəsini zəiflətmək üçün əməli addımlar ata bilər:

"Çünki Çinin də Qazaxıstanla geniş iqtisadi əlaqələri var. Əvvəllər Rusiyanın regionda daha böyük təsir imkanları var idi. Ancaq son illər Çinin Qazaxıstanda çoxlu sayda şirkət qurması ilə əlaqədar rəsmi Pekinin oradakı nüfuzu xeyli artdı". 

Ekspert 2022-ci ildə Qazaxıstanda siyasi proseslərin kəskinləşdiyini xatırladıb:

"O dönəmin prezidenti Nursultan Nazarbayevə qarşı əhali ayağa qalxdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Rusiyanın rəhbərliyi ilə Qazaxıstana az sayda ordu yeritdi. Lakin Çinin bu proseslərə qarışması sayəsində Rusiya regiondan çəkildi. Bundan başqa, Rusiya 2022-ci ildə Ukrayna ilə müharibəyə başladı. Bu da onun Qazaxıstandan çəkilməsi üçün mühüm səbəb oldu". 

Pərviz

0