Bu günlərdə Gənc Tamaşaçılar Teatrının səhnəsində yenidən “Dəli yığıncağı” tamaşası göstərildi.
Tamaşada əsas rollardan birini, Pırpız Sona obrazını canlandıran gənc aktrisa Aygün Fətullayeva rolunun öhdəsindən böyük uğurla gəlir.
Bir zamanlar Xalq artisti Şəfiqə Məmmədovanın oynayıb möhür vurduğu bur rola, Aygün Fətullayeva yeni bir nəfəs verib.
İnamla deyə bilərəm ki, Aygünün Sonası Şəfiqə Məmmədovanın çıxışından heç də geri qalmır, hətta üstələyir.
Aygün tamaşa boyu dayanmadan hərəkətdə olur, o hətta oturanda, susanda belə obrazında diqqət çəkir. Ən arxa plana keçsə də səhnədəki çoxluğun içərisindən fərqlənir.
“Rollarımla nəfəs alıram. Ən böyük qiyməti tamaşaçılarım verir. Rolum bəyənibsə, özümü dünyanın xoşbəxti hesab edirəm. Nə xoş mənə ki, əməyim boşa getmir, gözəl sözlər eşidirəm. Mənim Pırpız Sonam dəli deyil, o elə mən özümüəm. Bu qız şən,həyat doludur, sadəcə öz ömrünü yaşamaq istəyir, kiməsə zərər vermir, sadəcə zamanın insanları onu dəli elan edir”,- deyə aktrisa Hit.az-a bildirib.
O həmçinin bildirib ki, fevralın 18-də Gənc Tamaşaçılar Teatrının səhnəsində, “Antiqona” tamaşasında yenidən səhnəyə çıxacaq.
“Dəyərli sənətkarlarla eyni səhnəni bölüşmək və yenidən izləyicilərimizin qarşısına çıxmaq məni çox həyəcanlandırır.
Teatr sevənləri məmnuniyyətlə gözləyirəm”,- deyə o bildirib.
Murad