Olaf Şolts: "Ukrayna ilə bağlı danışıqların heç bir mənası yoxdur"

DÜNYA
17:12 / 16.02.2024
692

Əgər onun kapitulyasiyasından danışırıqsa, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların heç bir mənası yoxdur. 

HİT.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts "Sueddeutsche Zeitung" qəzetinə müsahibəsində bildirib.

Siyasətçi xatırladıb ki, Ukrayna məsələsində diplomatik səylər uzun müddətdir aparılır. Nümunə kimi o, Davos, Ciddə, Kopenhagen və Maltada müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi danışıqları göstərib. Almaniya lideri bu qənaətdədir ki, təkcə danışıqlara çağırış problemi həll etmir.

"Əgər danışıqlar Ukraynanın sadəcə təslim olması deməkdirsə, bunun heç bir mənası yoxdur", deyən Şolts əlavə edib ki, Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxararsa, istənilən vaxt münaqişəni sonlandıra bilər.

Fevralın 14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukraynadakı münaqişənin Rusiyanın maraqlarını nəzərə alaraq siyasi və diplomatik yolla həllinə açıq qalır, lakin Qərbin mövqeyi buna imkan vermir.

Yanvarın 30-da Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Fransanın "L'Obs" jurnalı üçün yazdığı məqalədə Rusiya ilə Ukrayna arasında münaqişədə atəşkəsə qarşı çıxış edib:

"Yenə barışıq şirnikləndiriciləri üzə çıxır. Bu fikirlər 2022-ci ildə səhv idi və bu gün də yanlış olaraq qalır. Biz onların Ukrayna ilə bağlı siyasətimizi formalaşdırmasına imkan verməməliyik".

Samir

0