Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, NATO-nun baş katibi Yens Stoltenberq, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts Rusiyanın müxalifət lideri Aleksey Navalnının ölümü ilə bağlı xəbərlərə münasibət bildiriblər.
HİT.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak bu barədə X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.
"Aleksey Navalnı həyatı boyu inanılmaz cəsarət nümayiş etdirib. Mənim fikirlərim onun həyat yoldaşı və bu, böyük faciə olan Rusiya xalqı ilədir", deyə baş nazir qeyd edib.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel X sosial şəbəkəsində bildirib ki, Navalnının ölümünə görə yalnız Rusiya rejimi məsuliyyət daşıyır.
Latviya prezidenti Edqars Rinkeviç də müxalifətçinin ölümündə Kremli günahlandırıb. Ukrayna prezidenti Volodimir Zelenski də eyni mövqeyi ifadə edib.
Almaniya kansleri Olaf Şolts mətbuat konfransı zamanı xəbəri dəhşətli adlandırıb və əlavə edib ki, bu, Rusiyanın necə dəyişdiyinə işarədir:
"Biz bütün faktları ortaya qoymalıyıq və Rusiya onun ölümü ilə bağlı bütün suallara cavab verməlidir. Mən çox kədərlənirəm, NATO həmişə onun azadlığa buraxılmasına çağırıb.
Qeyd edək ki, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib. İlkin ehtimala görə, o, qan laxtalanmasından (tromb) dünyasını dəyişib.
"Baza"nın xəbərinə görə, Navalnının bu gün saat 13:00 radələrində vəziyyəti pisləşib. Onun üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq, Navalnı saat 14:17-də vəfat edib.
"Həkimlər Aleksey Navalnının ölümünün səbəblərini öyrənməlidirlər". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Navalnının ölümü ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verilib. O, həmçinin qeyd edib ki, Federal Penitensiar Xidmət bütün yoxlamaları həyata keçirir: "Burada xüsusi göstərişlərə ehtiyac yoxdur”.
Samir