ABŞ Kiyevə dəstəyi təsdiqləməsə, Avropa İttifaqı Ukraynaya hərbi yardımı ikiqat artırmalı olacaq.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" Kiel Dünya İqtisadiyyat İnstitutunun hesabatına istinadən yazıb.
Hesabata görə, 2023-cü il noyabrın 1-dən 2024-cü il yanvarın 15-dək olan müddətdə müttəfiqlər Ukraynaya 9,8 milyard avro ayırmağa söz veriblər. 2022-ci ildən 2023-cü ilə kimi eyni dövrdə Kiyevə 27 milyard avro məbləğində yardım edilib, o cümlədən ABŞ tərəfdən 21 milyard avro.
Hesabatda deyilir ki, Ukraynaya əsas hərbi yardımı hazırda Skandinaviya ölkələri, Almaniya və Böyük Britaniya edir. Kiel İnstitutunun tədqiqat direktoru Kristof Trebeş bildirib ki, Aİ ölkələri hələ də 2021-ci il ÜDM-nin 1%-ni belə Ukraynaya dəstək üçün xərcləməyiblər. Onun fikrincə, Kiyevə yardımın artırılması siyasi iradə məsələsidir.
Fevralın 1-də Aİ ölkələri 2024-cü ildən 2027-ci ilə qədər Ukraynaya 50 milyard avro ayırmağa razılaşıblar. Yardım proqramı Ukrayna tərəfinin qrant şəklində 17 milyard avro, kredit şəklində daha 33 milyard avro alacağını nəzərdə tutur. Sazişin şərtlərinə görə, bu vəsait Ukrayna ordusunun hərbi ehtiyacları üçün istifadə edilə bilməz.
Fevralın 13-də ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard dollardan çox yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Qanun layihəsi çərçivəsində Kiyev 60 milyard dollardan çox vəsait almalıdır, lakin ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Konqresin aşağı palatası qanun layihəsinə məhəl qoymayacaq, çünki o, ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsinə dair tədbirləri ehtiva etmir. Nümayəndələr Palatası hazırda fevralın 28-dək tənəffüsdədir.
Samir