İlham Əliyevlə Ərdoğanın təkbətək və geniş tərkibdə görüşü oldu - YENİLƏNİB/FOTO

SİYASƏT
17:37 / 19.02.2024
533

Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü olub.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

16.50

Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

15.45

Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezident İlham Əliyevin şərəfinə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyev əsgərləri salamlayıb.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.

13.25

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

HİT.az xəbər verir ki, dövləti başçısı Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.

Qeyd edək ki, ərazisi təxminən 10 min kvadratmetr olan Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri görülüb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin zövqlərinə uyğun istirahət etmələri üçün imkanlar yaradır.

Heydər Əliyev Parkında 1200 nəfərlik amfiteatr fəaliyyət göstərir ki, burada müxtəlif bədii-kütləvi tədbirlər və konsertlər təşkil olunur.

Parkın ərazisində tikilən “Buta” Azərbaycanı Təbliğ Evi milli mədəniyyətimizin qardaş ölkədə təbliğinə öz töhfəsini verir.

12.53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Sonra xatirə şəkli çəkdirilib.

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

0