Bakıda ən ucuz torpaq bu ərazilərdədir - QİYMƏTLƏR

İQTİSADİYYAT
23:05 / 20.02.2024
334

Hər il olduğu kimi, 2024-cü ildə də daşınmaz əmlak bazarında bahalaşma gözlənilir. Ekspertlər hesab edir ki, hazırda nəinki ucuz qiymətə ev və torpaq sahəsi tapmaq müşkülə çevrilib, hətta çıxarış və təyinat məsələsində də müəyyən problemlərlə üzləşmək qaçılmazdır. 

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Yeni Sabah”a bir sıra məqamlardan söz açıb. Bildirib ki, daşınmaz əmlak bazarında son illər ərzində 30 faiz bahalaşma qeydə alınıb: 

“2020-ci ildən sonra ev və torpaq sahələrinin qiymətində bahalaşma qeydə alınır. İşğaldan azad olunan ərazilərdə aparılan tikinti işləri inşaat malları bazarında müəyyən qiymət artımına səbəb olub. İlk növbədə, isə bu bahalaşma armaturun qiymətində hiss olunmağa başlayır. Tikinti şirkətləri də həmin səbəbdən dolayı qiymətləri artırmağa qərar verib. Digər bir amil isə Rusiya-Ukrayna müharibəsidir. Bu zaman ölkəyə müəyyən qədər axın oldu. Bu da ümumilikdə daşınmaz əmlak bazarına təsir etdi. Orta hesabla son 3 il ərzində 30 faiz bahalaşma müşahidə olunur. Torpaqların da qiymətində artım var. Bunun əsas səbəbi boş ərazilərin məhdud olması ilə bağlıdır. Torpaq sahələrinin satış qiymətinə təsir edən başqa bir səbəb isə zəlzələdir. Ötən il Türkiyədə yaşanan güclü zəlzələ, daha sonra ölkəmizdə qeydə alınan yeraltı təkanlar həyət evləri və torpaq sahələrinə olan tələbatı artırdı. Bu səbəb də qiymət artımına zəmin yaradır”.

Ekspert qeyd edib ki, 2024-cü ildə ən ucuz topraq sahəsinin qiyməti 5 min manatdan başlayır: 

“Torpaq və evlərin qiymətləri əsasən əraziyə görə ucuz, ya da çox baha olur. Şəhərin mərkəzində, yaxınlığında yerləşən ərazilərdəki daşınmaz əmlaklar baha, şəhərətrafı qəsəbə və ərazilərdə olan alqı-satqı obyektləri isə adətən daha münasib qiymətə təklif edilir. Ötən il bir sot torpaq sahəsinin  qiyməti 3-4 min arası dəyişirdi. 2024-cü il üçün ən ucuz torpaq sahəsinin 1 sot üçün olan qiyməti 5 min manatdan yüksəkdir. Bu qiymət isə Abşeron, Zirə, Türkan və s. Bakıətrafı qəsəbələr üçün keçərlidir. Şəhərə yaxınlaşdıqca, təkliflər kəskin azalır, eyni zamanda çıxarışı və təyinatı yaşayış məntəqəsi olan torpaq sahəsi tapmaq müşkülə çevrilir. Çıxarışsız və təyinatı fərqli torpaq sahəsi satın alanlar bu ərazidə ev tikə bilmir. 

Ən baha torpaq sahələri mərkəzdə olan ərazilərdə satışa çıxarılır. Burada alıcılıq qabiliyyəti digər yerlərə nisbətən daha azdır. Belə yerlərdə bir sot torpağın qiyməti 400 min manata qədər yüksəlir”. 

E.Azadov bildirib ki, daşınmaz əmlak bazarında qiymətləri tikinti şirkətləri müəyyən edir: 

“Bu sahədəki qiymətlər əsasən tikinti şirkətləri tərəfindən tənzimlənir. Buna görə də 2024-cü ilin sonuna qədər tikinti şirkətlərinin alqı-satqı obyektlərinə müəyyən qədər təsir edəcəyi gözlənilir. Ümumi olaraq isə həm evlərdə, həm də torpaq sahələrinin qiymətində 10 faiz bahalaşma olacağını demək mümkündür”. 

0