Fevralda havanın mülayim keçməsinə səbəb nədir? - Mütəxəssis AÇIQLADI 

ÖLKƏ
10:58 / 21.02.2024
471

Bu qış ölkəmizdə olduqca mülayim keçir. 

Əvvəlki illərə nisbətən havanın soyuq və şaxtalı olduğu günlərin sayı olduqca azdır. Hətta qarın yağdığı günlərinin sayını belə barmaqla saymaq olar. Həmişə qışın ən sərt dövrünü məhz fevral ayında yaşayırdıq. Lakin cari ildə fevral ayının da nisbətən mülayim keçməsinə şahidlik edirik. Düzdür, havada şaxta var, soyuq külək əsir. Lakin bu, əvvəlki illərlə müqayisədə xeyli fərqlənir. 

Bəs bu dəyişikliyə səbəb nədir? 

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib ki, bizim iqlim dəyişikliyinə baxışımız fərqlidir:

344259

"Əslində onillik və daha çox geridəki temperaturalar, yağıntıların düşmə sıxlığı və paylaşması ciddi şəkildə müqayisəli təhlil olunduqda son bir neçə ilin hava verilərinə görə məsələn, ölkəmizdə filan ay və ya fəsil mülayim keçir deyə bilərik.  

Bu mənada, Bakının hava durumunun mülayim keçməsi şəhərləşmə, betonlaşmanın sürətli artımı, müvafiq dövrdə daxil olan isti və ya soyuq hava kütlələri ilə bağlı ola bilər".

O qeyd edib ki, bu qış ölkəmiz üçün qismən yaxşı keçdi və keçməkdədir: 

"Lakin fevralın daha mülayim olduğunu düşünmürəm. Azacıq fərqlərlə əvvəlki illər təkrarlanmaqdadır. Hətta deyərdim ki, yaxın vaxtlarda dağlar və dağətəyi ərazilərimizə bir daha qar yağması yaxşı olar. Həm akkumlyativ su ehtiyatlarımız yaranar, həm hava virus və mikroblardan təmizlənər, həm də fermerlərimiz bahara doğru ruh yüksəkliyi əldə edərlər".

Qorxmaz İbrahimli iqlim dəyişikliyinin təsirini də istisna etməyib:

"Dünyada gedən iqlim dəyişikliklərinin də Azərbaycana təsiri var. Əlbəttə ki, ölkəmiz də bundan öz "payını" almaqdadır.  Bunda isə şübhəsiz çevrəyə biganə olan insanların da təsiri çoxdur".

Pərviz

0