Rus sülhməramlıları Zəngəzur dəhlizinə göndəriləcək?

SİYASƏT
11:38 / 22.02.2024
590

"Biz heç bir halda Rusiya sülhməramlılarının Qarabağda qalmasını istəmirik".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazda xarici silahlı qüvvə istəmir:

"Bu, təkcə Rusiyaya qarşı deyil. Biz ABŞ, Fransa, Almaniya, İtaliya, Çin kimi xarici ölkələrin hərbçilərini də istəmirik. Azərbaycanın dövlət siyasəti həmişə bunu tələb edib. Hətta rəsmi Bakı bununla bağlı digər təklifləri də rədd edib".

Ekspert xatırladıb ki, Fransa Senatında Azərbaycana sanksiya tətbiq etməməklə bağlı 2 şərt irəli sürülmüşdü:

"Birinci şərt Azərbaycan-Ermənistan sərhədində Fransanın hərbi bazasının yaradılmasına etiraz etməməmizi istəmələri idi. İkincisi isə Xankəndidə Fransanın xüsusi nümayəndəliyinin açılmasına icazə verməyimizin istənilməsi olmuşdu. Təbii ki, rəsmi Bakı bu təklifləri rədd etdi. Bu gün də Azərbaycanla Fransa arasındakı problemlərin başlıca səbəblərindən biri bu şərtlərdir".

344327

Politoloqun fikrincə, Rusiya 2025-ci ilə qədər sülhməramlıların Qarabağda qalması üçün müxtəlif bəhanələr gündəmə gətirəcək:

"Hesab edirəm ki, biz rus sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılmaması üçün çalışmalıyıq. Hətta onların vaxtından əvvəl çıxarılması da gündəmə gələ bilər. Bundan başqa, Qarabağdakı sülhməramlılar Zəngəzur dəhlizinə yönləndirilə bilər. 

Çünki 10 noyabr Bəyanatının 9-cu bəndinə əsasən, Zəngəzur dəhlizinin təhlükəsizliyi Rusiyanın sərhəd qoşunlarının nəzarətində olmalıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan isə hələ ki, buna müqavimət göstərir".

Turab Rzayevin sözlərinə görə, Rusiyanın sərhəd qoşunları əvəzinə Qarabağdakı sülhməramlılarının Zəngəzur dəhlizinə göndərilmə ehtimalı var:
"Bu hər iki tərəfi qane edir. Çünki Azərbaycan öz ərazisində xarici hərbi birlik görmək istəmir. Rusiya isə Zəngəzur dəhlizinə nəzarət etməklə Cənubi Qafqazdakı mövqeyini qorumuş olacaq".

Pərviz

0