Putin və Zelenski arasında danışıqlar başlayacaq?

DÜNYA
12:15 / 26.02.2024
367

Son zamanlarda Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının başlaya biləcəyi ehtimal olunur. 

Lakin bir çox ekspertlər düşünürlər ki, bu danışıqların mövcud rejimlər arasında olması çox çətindir. Hətta ötən həftə Moskvadan da bununla bağlı bəyanat gəldi. 

Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukrayna ilə danışıqların Kiyev rejimi dəyişdikdə mümkün olacağını dedi. Amma danışıqların ola biləcəyini də istisna etmədi:
"Rusiya Ukraynanın mövcud hakimiyyəti ilə də danışıqlardan imtina etməyib, lakin Qərb bu prosesdə Kiyevi razı sala bilmir" 

Ümumiyyətlə, Zelenski hakimiyyəti ilə Rusiya arasında danışıqlar aparıla bilər? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rüstəm Tağızadə bildirib ki, Rusiya indiki məqamda Ukrayna ilə sülhə razı ola bilər:

344567

"Ancaq bunun müvəqqəti bir proses olacağını düşünürəm. Çünki Rusiya hələ qoyduğu məqsədlərə çatmayıb. Rusiyanın məqsədləri nədir? Rusiya Ukraynanın şərq hissəsini tutduqdan sonra bu ölkənin cənubuna doğru irəliləmək istəyir. Cənub ərazilərindən tam olaraq Xersonu tutduqdan sonra Odessaya hücum etmək fikrindədir. 

Təbii ki, Ukrayna Rusiyanın işğalçılıq siyasəti ilə barışmayacaq. Ukraynaya çoxlu investisiya yatırmış ABŞ və Böyük Briyaniya da Ukraynanın indiki anda sülhə getməsinə razı olmayacaq".

Onun sözlərinə görə, Rusiya sadəcə spekulsiya və manipulyasiya edərək ictimaiyyətə dezinformasiyalar yayır:

"Rusiya böyük dövlətdir. NATO-nun sərhədlərinə yaxınlaşması onu çox narahat edir. Təbii ki, bu məqamda silahlı münaqişələr və lokal müharibələr qaçılmaz olur. Zelenski hökuməti daima Rusiya ilə danışıqlara hazır olduqlarını deyir. 

Amma Rusiyanın Donbassdan əvvəlki mövqelərə qayıtmasını şərtini irəli sürürlər. Bu proses isə indiki halda mümkün deyil. Zelenski höküməti yenidən Qərbdən silah və maliyyə yardımı istəyir. Bu, başadüşüləndir. Çünki Ukraynanın resursları azdır".

Politoloq qeyd edib ki, ABŞ və Böyük Britaniya Ukraynaya hərbi yardımları artırmalıdır:

"Düzdür, hərbi yardımlar davam edir. Ancaq düşünürəm ki, daha güclü silahlar verilməlidir. Qərbin istəyi müharibənin uzanması və Rusiyanın iqtisadiyyatını çökdürməkdən ibarətdir. Bu yaxınlarda tətbiq olunan yeni sanksiyalar paketi də buna sübutdur. Ümumiyyətlə, Zelenski hakimiyyəti o zaman Rusiya ilə danışıqlar apara bilər ki, Qərb buna razı olsun".

Pərviz

0