Piylənmə artıq pandemiya xarakteri alıb - Həkim

ÖLKƏ
11:26 / 27.02.2024
424

Təxminən 30 il öncəyə qədər köklük rifah, firavanlıq sayılırdı. Kiminsə gəlini arıq, zəif olanda deyirdilər ər evində pis baxırlar, kimisə gözəl deyib tərifləyəndə qapıdan keçməyən, gəmi kimi xanım deyib  iltifat göstərərdilər.

Məsələn rus folklorunda qadınların göbəyindəki piyin onları göz-nəfsdən qoruduğuna inanır, analığın simvolu hesab edirdilər. 

Piylənməni xəstəlik kimi qəbul etmirdilər. Gözəllik trendləri dəyişib, arıqlıq moda düşəndən sonra insanlar özlərinə nələr eləmədilər?  Gah piylərini sordurub çıxartdılar, gah mədələrini kəsdirdilər.

Bəs piylənmə nədir, onun qarşısını necə almaq olar? O həmişə xəstəlik sayıla bilər?

Hit.az-ın sualını cavablandıran həkim Maidə Məmmədova bildirir ki, köklük siqaretdən sonra ölümün ikinci ən əsas səbəbidir.

“Dünyada təxminən 2 milyard insan artıq çəkidən , 650 milyondan çox insan piylənmədən əziyyət çəkir. Hər il dünyada 3,5 milyondan çox insan piylənmənin yaratdığı xəstəliklərə görə ölür.  Hər 5 adamdan birində piylənmə müşahidə olunur və artıq pandemiya xarakteri daşıyır.  Piylənmə, yəni obez xəstəliyi olan adamların 80 faizi tip 2 şəkərli diabet, 35 faizi ürək-damar , 55 faizi isə hipertoniyadan əziyyət çəkir. Piylənmə yalnız artıq qida və hərəkətsizliklə bağlı deyil,  genetik amillər, fiziologiya, ətraf mühit, iş, psixoloji  və pozğunluqlar da bu xəstəliyin yaranmasına səbəb ola bilər.

Hormonal səviyyədə piylənməni təksə pəhriz vasitəsilə aradan qaldırmaq mümkün deyil. Hesab edin ki, damdan döşəməyə su damcılayır və siz döşəməni silməklə qurutmağa çalışırsınız. Halbuki damı təmir etmək gərəkdir. İnsanların yalnız üçdə biri itirilmiş çəkisini geri almır. Çəki itirmək insanın öz beyni və orqanizmi ilə müharibə aparması deməkdir. Piylənmə orqanizmə lazım olandan çox kalori qəbulu ilə başlayır. Yəni qəbul etdiyiniz kalori xərclədiyiniz kaloridən çoxdursa, artıq kalori miqdarı bədəndə yağ kimi saxlanılır. Çox yeyən və çox az hərəkət edən hər kəs artıq çəki və piylənmə riski altındadır”,- həkim bildirib.

O qeyd edib ki, meyvə-tərəvəz, paxlalı bitkilərlə zəngin sağlam pəhrizə əməl etməklə işlənmiş qidalardan uzaq durmaq, müntəzəm gimnastika, təmiz havada gəzinti, yetərli qədər yuxu rejimi çəkinin müəyyən qədər azalmasına səbəb olur.

“Çəkini birdən - birə deyil, az-az itirməklə onun geri gəlməsinin qarşısını almaq olar. əks halda beyin bunu təhlükə kimi qəbul edib, orqanzimin zəifləməsinin qarşısını alacaq”,- deyə o vurğulayıb.

Murad

0