"İrəvan heç vaxt Ermənistanın NATO-ya daxil olması imkanını müzakirə etməyib, eyni zamanda, ölkə Avropa İttifaqı ilə əlaqələri gücləndirmək strategiyasını davam etdirir".
HİT.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"NATO ilə bağlı heç bir müzakirə olmayıb, biz bunu komandamızda müzakirə etməmişik", deyə Simonyan vurğulayıb.
Eyni zamanda o, İrəvanın Avropa İttifaqı ilə münasibətləri daha da yaxşılaşdırmağa hazır olduğunu vurğulayıb. Spiker əlavə edib ki, Ermənistan bütün mümkün yerlərdən silah əldə etməyə çalışır.
Simonyan əmin edib ki, İrəvan öz xarici siyasət vektorunu dəyişmir və ölkənin də KTMT-dən ayrılmaq qərarı yoxdur: "Heç bir vektorun dəyişdirilməsi və ya buna bənzər hər hansı bir şey haqqında söhbət olmayıb".
O vurğulayıb ki, İrəvan ölkəni təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə edəcəyini müzakirə edir: "KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma biz bunu istisna etmirik. Bizim cəmiyyət də bundan danışır, deyə bilərik ki, belə bir tələb irəli sürür".
Qeyd edək ki, fevralın 23-də Paşinyan Ermənistanın KTMT-də iştirakını dayandırdığını bəyan edib. Bundan sonra Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, İrəvanı heç kim blokdan çıxarmır, lakin İrəvan təşkilatdan çıxmaq istəsə, o zaman KTMT Ermənistansız dağılmayacaq.
Fevralın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, İrəvanın KTMT-dən çıxmaqla bağlı mövqeyi ilə bağlı heç bir aydınlıq yoxdur, eyni zamanda o, erməni tərəfdaşları ilə tez-tez təmasları davam etdirəcəyini bəyan edib.
Samir