Bayden ABŞ ordusunun ehtiyatlarından Ukraynaya sursat ötürəcək

DÜNYA
09:50 / 01.03.2024
357

Co Bayden administrasiyası ABŞ ordusunun öz ehtiyatları hesabına Ukraynaya təcili hərbi yardım göstərmək imkanını nəzərdən keçirir. 

HİT.az-ın məlumatına görə, məsələ ilə tanış olan rəsmilər The New York Times-a bildiriblər ki, plan indi Ağ Evdə masanın üstündədir.

Rəsmilərin dediyinə görə, belə bir addım Konqres aylarla davam edən çıxılmaz vəziyyətdən çıxana və Ukraynaya daha böyük hərbi yardım paketini təsdiq edənə qədər Ukrayna ordusuna kömək etmək üçün qısamüddətli tədbir olacaq.

"Mən bildiyim şey odur ki, plan artıq masanın üstündədir", deyə Senatın Silahlı Qüvvələr Komitəsinə sədrlik edən demokrat senator Cek Rid bildirib.

Bu yaxınlarda Ukraynadan qayıdan Cek Reid vaxt qazanmaq üçün belə bir müvəqqəti tədbiri dəstəkləyəcəyini deyib.

İndi Pentaqonun öz ehtiyatlarından Ukraynaya ümumilikdə 4 milyard dollara yaxın silah ötürmək səlahiyyəti var. Lakin dekabr ayında ayrı bir fond qurulub, onun vasitəsilə Pentaqon dərhal öz ehtiyatlarını doldura bilib, ukraynalılara köçürülənləri kompensasiya edib. O vaxtdan bəri rəsmi Vaşinqton Ukraynanı dəstəkləmək üçün Amerika hərbçilərinin hazırlığını riskə atmağa və onları ehtiyatlarının bir hissəsindən məhrum etməyə cəsarət etməyib.

"Bu düşüncə Ukraynanın döyüş meydanında getdikcə daha ağır mövqe tutması ilə əlaqədar dəyişir. Qərb rəsmiləri və analitiklər deyirlər ki, Ukrayna quru qoşunları sayca az və silahsızdır, artilleriya, hava hücumundan müdafiə silahları və digər döyüş sursatları yoxdur və müharibənin ilk aylarından bəri bəlkə də ən təhlükəli vəziyyətdədir", deyə NYT yazır.

Lakin bəzi məmurlar qorxur ki, ABŞ ordusunun ehtiyatlarından Ukraynaya sursat ötürülməsi yalnız Konqresə təzyiqi və Kiyevə yeni uzunmüddətli yardım proqramını keçmək şansını azaldacaq.

Bu, həmçinin Bayden administrasiyasını qlobal hərbi gərginlik artdıqca Ağ Evi ABŞ-a zərər verməkdə ittiham edəcək respublikaçıların tənqidinə məruz qoyacaq.

Samir

0