Kaya Kallas Putini Rusiya prezidenti adlandırmaqdan imtina etdi

DÜNYA
11:46 / 01.03.2024
368

"Rusiyada keçirilən prezident seçkiləri demokratiya prinsiplərinə tamamilə ziddir və mahiyyət etibarı ilə seçki deyil".

HİT.az xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaya Kallas hökumətin mətbuat konfransında ölkəsinin Rusiyadakı səsvermənin nəticələrini tanımaq niyyətində olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.

Kaya Kallas Rusiyada martın 15-dən 17-dək keçiriləcək prosesin demokratik seçki olmadığını və buna görə də Vladimir Putini seçilmiş prezident adlandırmaq niyyətində olmadığını vurğulayıb.

"Mən bu prosesi seçki adlandırmağa tərəddüd edirəm. Yəqin ki, siz mənim Putini Rusiyanın prezidenti adlandırdığım ifadələrimi tapa bilməzsiniz. Mən həmişə sadəcə "Putin, bəli Putin" deyirəm. Heç bir başlıq əlavə etməmişəm və əlavə etməyi də planlaşdırmıram. Bu seçkilər demokratiya prinsiplərinə tamamilə ziddir", deyə Kaya Kallas bildirib.

Daxili işlər naziri Lauri Laanemets isə bildirib ki, Estoniya hakimiyyəti Rusiya səfirliyinin ərazisində səsverməyə müdaxilə edə bilməz və hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edəcək:

"Əgər səfirlik öz ərazisində nəsə təşkil etmək qərarına gəlsə, o zaman bunu edə bilər. Estoniyanın hüquq-mühafizə orqanları öz işlərini görəcəkmi? Əlbəttə. Onlar bu günlərdə kimin nə işlə məşğul olduğunu dinləyib izləyəcəklər, yəni öz işlərini görəcəklər".

Samir

0