Yarım milyonluq dələduzluq edən şirkət rəhbəri ilə bağlı QƏRAR

ÖLKƏ
09:53 / 06.03.2024
258

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Səfərzadənin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
 
Qərara əsasən, şikayət təmin edilməyib. 
 
İttihama görə, Tahir Səfərzadə Bakıda fəaliyyət göstərən MMC-lərdən birinin direktoru vəzifəsində çalışıb. O, işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edib özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib.

Belə ki, şirkət rəhbəri bu məqsədi ilə zərərçəkmiş ASC-nin ketrinq üzrə satış nümayəndəsinə özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin böyük restoran, zavod, fabrik və başqa ictimai iaşə obyektlərini qida məhsulları ilə təmin etdiyi haqda həqiqətəuyğun olmayan məlumat verib. Eyni zamanda, Tahir həmin şəxsə direktor olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlədib, "Siyəzən Broyler” ASC-dən nisyə almaq istədiyi toyuq və toyuq əti məhsullarının dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə ASC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadıb. O, bu yolla zərərçəkmiş ASC-yə 98 584 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Bundan başqa, Tahir Səfərzadə bu yolla digər şirkət əməkdaşlarını da aldadıb. O, zərərçəkmişlərə qarşı ümumilikdə 426 176 manatlıq dələduzluq edib.

0