Bakı-Sumqayıt yolu 2-3 mərtəbəli ola bilər? - "Çox böyük vəsait tələb edər"

İQTİSADİYYAT
12:40 / 12.03.2024
418

Milli Məclisin deputatı Fəzail Ağamalı Bakı-Sumqayıt yolunun 2-3 mərtəbəli olmasını təklif edib. 

O, Yaponiyanı nümunə göstərib:

"Mən bu gün Milli Məclisə gəlmək üçün saat 8:00-da Novxanıdan yola çıxmışam, 10-a 5 dəqiqə qalmış burada olmuşam. Bu hal isə hər gün yaşanır. Bunun aradan qaldırılması üçün yüngül konstruksiya ilə Yaponiyadakı kimi 2-3 mərtəbəli yollar tikilə bilər". 

O qeyd edib ki, Bakı-Sumqayıt yolu 6 zolaqlı olsa da, paytaxta çatan hissə 2 zolaqlı olduğu üçün sıxlıq yaranır.

Maraqlıdır, təklifi dəyərləndirmək və bu yöndə iş aparmaq olar? 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib ki, sözügedən təklif çox böyük xərc tələb edəcək:

"Təklif çox gözəldir, amma bunun iqtisadi əsaslanması olmalıdır. Yəni bu təklif iqtisadi cəhətdən səmərəli görünmür. Çünki bu, çox böyük vəsait tələb edən bir layihə olar".

Ekspert əlavə edib ki, 2 və 3 mərtəbəli yolların tikilməsi yeni layihələndirilən yollardan da baha başa gələr:

"Əksinə, əlavə yeni yolların çəkilməsi daha münasib sayılar. Bütün bu təkliflər gələcəkdə dəyərləndirilə bilər. Ümumiyyətlə, Bakı-Sumqayıt yolu istiqamətində gələcəkdə hansısa işlər aparmaq olar".

Pərviz

0