Ermənistanda Konstitusiya islahatları konsepsiyasının layihəsi artıq hazırlanıb.
Artıq həmin ölkənin Ədliyyə Nazirliyi də məlumatı təsdiqləyib. Lakin ölkənin əsas qanununun hansı maddələrinə yenidən baxılmasının nəzərdə tutulduğu açıqlanmayıb. Nazirlikdən bildirilib ki, konstitusiya islahatları komissiyasına hüquqşünas David Akopyan rəhbərlik edir.
Rəsmi İrəvan sülhün önündəki əsas əngəli aradan qaldırmaq üçün hərəkətə keçib?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, əslində sözügedən Konstitusiya dəyişikliyində və islahatlarda böyük dəyişikliklər var:
"Bizə maraqlı olan isə Ermənistanın Müstəqillik Bəyannaməsinin Konstitusiyaya daxil olan preambula hissəsidir. Hansı ki, həmin hissədə Azərbaycana qarşı ərazi iddiaları var. Ona görə də ölkəmizə qarşı bu iddialar aradan qaldırılmalıdır. Üstəlik, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü şərtlərdən biri də budur".
Politoloq diqqətə çatdırıb ki, Ermənistan tərəfi isə əlavə problem yaranmaması üçün ictimaiyyətin diqqətini bu məsələdən yayındırmağa çalışır:
"Çünki Ermənistan hakimiyyəti bu məsələyə görə ciddi tənqid olunur. Hətta oradakı müxalifət Azərbaycanın diqtəsi ilə Ermənistanın Konstitusiya dəyişikliklərinə getdiyini deyir.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə dəfələrlə həmin müddəaların artıq hüquqi qüvvəsini itirdiyini bəyan edib. Buna baxmayaraq, rəsmi Bakı Ermənistan Konstitusiyasında ümumiyyətlə elə bir müddəaların olmamasını tələb edir.
Ümumiyyətlə, rəsmi İrəvan narazılıqlar, iğtişaşlar və müxalifətin təpkiləri ilə üzləşməməyə çalışır. Yəni sakit formada sözügedən müddəaları dəyişmək istəyirlər. Hər halda proseslərin gedişatını yaxın zamanda görəcəyik".
Pərviz