Almaniya (Bundesver) Silahlı Qüvvələrində kifayət qədər insan, texnika və avadanlıq yoxdur.
HİT.az xəbər verir ki, bunu Almaniya Parlamentinin (Bundestaq) komissarı Eva Heql bildirib.
"Təəssüf ki, Bundesver hər şeydən çox azına sahibdir. Sursat, ehtiyat hissələri, radio, tank, gəmi və təyyarə qıtlığı var. Kadrlar mövzusunda sizin üçün yeni və ya müsbət bir faktım yoxdur”, deyə Eva Heql Berlində jurnalistlərə açıqlamasında bildirib.
Komissarın sözlərinə görə, ordunun şəxsi heyətinin sayı getdikcə azalır və 2023-cü ilin sonuna 181 514 nəfərdən ibarət olub. Eyni zamanda, vakant yerlərin təxminən 17,6%-i boşdur.
Bundan əvvəl Almaniya Şəhərlər və Bələdiyyələr Assosiasiyasının yeni baş direktoru Andre Berqeqqer bildirmişdi ki, ölkə hakimiyyəti 10 il ərzində mülki müdafiə ehtiyaclarına, ilk növbədə, bunkerlərin və bomba sığınacaqlarının tikintisinə 1 milyard avro xərcləməlidir. Berqeqqerin sözlərinə görə, Ukraynada münaqişə başlayandan sonra təhlükəsizliyin təkbaşına təmin ediləcəyini güman etmək olmaz.
Qeyd edək ki, Almaniyada müdafiə ilə bağlı problemlər tez-tez gündəmə gəlir. Soyuq müharibədən sonra hökumətlər demək olar ki, ordunu gücləndirməyi unudub. İndi hökumət hərbi xərcləri tədricən artırır, amma hələ bütün problemlər aradan qalxmayıb.
Samir