Son zamanla ölkəmizdə internet qiymətlərinin artdığı müşahidə olunur.
Bir çox provayderlər internetin paketlərini yenilədilər. Verilən internetin sürəti və qiymətlər artırıldı. Bunun ardınca isə mobil internetdə də analoji hadisə yaşandı. Belə ki, mobil operatorlar da bir-birinin ardınca təqdim etdikləri internet tariflərinin qiymətlərini qaldırdılar. Düzdür, verilən MB və ya GB da artırıldı. Lakin konkret olaraq internetin bahalaşması qeydə alındı.
Maraqlıdır, internetin qiyməti nə üçün bahalaşır?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, mobil internet ölkəyə bir şirkət tərəfindən verildiyi üçün rəqabət yoxdur:
"Həmin şirkət isə qiymətləri Tarif Şurası və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə məsələləri razılaşdırır. Lakin bazarda qiyməti aşağı salacaq rəqabət yoxdur. Bu bazar rabitə bazarı monopolist və inhisarçı bazardır. Sözügedən şirkət sadəcə ölkəyə gələn internetin paylanması ilə məşğul olur".
Ekspert qeyd edib ki, internet tariflərində süni şəkildə qiymət artımı olmamalıdır:
"Ola bilər ki, şirkətin alış və ya başqa xərcləri artdığı üçün tariflərin qiymətlərini qaldırırlar. Çünki başqa ciddi səbəb yoxdur. Nəzərə almaq lazımdır ki, dünyada internet qiymətləri dollarla hesablanır. Azərbaycan manatı isə dollara qarşı dəyər itirməyib. Buna baxmayaraq, Azərbaycanda internetin keyfiyyəti və sürəti aşağıdır".
Pərviz